Vardanyanın Paşinyan tələbi: şou və prosesi uzatma - ÖZƏL
12:10 SiyasətBakı Məhkəmə Kompleksində Qarabağda müharibə cinayətlərində ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəməsi davam edir. Təxminən 9 aydır davam edən prosesdə susmaq hüququndan istifadə edən Vardanyan, sentyabrın 16-da Ermənistan Baş naziri Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb edərək sükutu pozub.
Ruben Vardanyanın məhkəmə prosesində Nikol Paşinyanın şahid qismində dindirilməsini tələb etməsinin siyasi əsasları nələrdir?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Mən Vardanyanın bu tələbini qəbuledilməz hesab edirəm. Bu, konkret olaraq məhkəmənin gedişatına, prosesin normal atmosferdə getməsinə mane olmaq cəhdi kimi qiymətləndirilə bilər. Vardanyan bilir ki, çıxılmaz vəziyyətdədir. O, həbs olunanda da müəyyən beynəlxalq kampaniyalar həyata keçirdi, amma heç bir nəticəsi olmadı. Çünki Azərbaycan bu kampaniyalara təslim olacaq deyil. Onun gəlib Qarabağda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında kobud şəkildə separatizm fəaliyyəti ilə məşğul olması təbii ki, Azərbaycana qarşı törədilmiş bir cinayətdir. Məhkəmədə səslənən faktlar onu göstərir ki, günahı sübut olunacaq. Yəni, onu bir cəza gözləyir. Bu məsələdən qaçmaq, diqqət cəlb etmək üçün şou xarakterli davranış və tələb irəli sürür. Paşinyan orada necə iştirak edə bilər? Bunu hamı bilir ki, mümkünsüzdür. Paşinyanın Bakıya gəlişi, gəlib məhkəmədə ifadə verməsi mümkün deyil. Hətta nəzəri təsəvvür etsək, Paşinyan Bakıya gəlib məhkəmədə şahid qismində iştirak etsə belə, bu, Vardanyanı xilas edəcək bir məsələ deyil. Ona görə də bunlar söz oyunudur. Bir daha qeyd edirəm ki, bununla o diqqət cəlb etmək, prosesi uzatmaq, prosesdə çətinliklər yaratmaq və özünə beynəlxalq dəstək qazanmaq istəyir. Bu dəstək isə Azərbaycan qanunu və Azərbaycan xalqının ona kəsəcəyi cəzanın qarşısını ala bilməyəcək".
Zeynəb Mustafazadə