“Artsax xalqı” ifadəsi və regionda sülhə təsiri: Azərbaycanın mövqeyi birmənalıdır - ÖZƏL
11:50 SiyasətFinlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen sentyabrın 15-də "Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025" konfransında ATƏT-in Minsk Qrupunun buraxılmasına toxunaraq, bunun Azərbaycan və Ermənistanın qərarı olduğunu bildirib. Narinen həmçinin "artsax xalqı" ifadəsini işlədərək onların Ermənistanda məskunlaşdırılması və rifahının təmin edilməsinin vacibliyini söyləyib.
Xarici diplomatların "artsax xalqı" kimi ifadələr işlətməsi regiondakı sülh danışıqlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Finlandiya səfirinin "artsax xalqı" ifadəsi işlətməsi yanlış və əsassız bir yanaşmadır. Belə bir xalq anlayışı yoxdur və beynəlxalq hüquqda da tanınmır. Bu termin uzun illər Ermənistanın yaratdığı separatçı mifin davamıdır. Qarabağda yaşamış etnik ermənilər heç bir xüsusi status daşımır. Onların hüquqları yalnız Azərbaycan qanunları ilə müəyyən edilə bilər. Ermənistan isə uzun müddət bu insanlardan siyasi təzyiq vasitəsi kimi istifadə edib. Bu səbəbdən də indi onların "məcburi köçkün" kimi təqdim olunması tamamilə əsassızdır. Xarici diplomatların bu tip ifadələr işlətməsi reallığı təhrif edir. Əslində isə bölgədə vəziyyət tam aydındır: Qarabağ Azərbaycan ərazisidir. Orada yaşayan bütün şəxslərin hüquqları yalnız Azərbaycan Konstitusiyası çərçivəsində qoruna bilər. Bu, həm beynəlxalq hüququn, həm də faktiki reallığın tələbidir. Ermənistanın informasiya manipulyasiyası müvəqqəti görüntü yaratsa da, əsas istiqaməti dəyişmir. Çünki Azərbaycan müstəqilliyinə və ərazi bütövlüyünə əsaslanaraq yolunu müəyyənləşdirib. "Artsax xalqı" kimi ifadələrin işlədilməsi isə sülh prosesinə fayda vermir, əksinə, çaşqınlıq yaradır. Azərbaycanın mövqeyi birmənalıdır: heç bir qondarma status qəbul edilməyəcək. Sülh yalnız real hüquqi əsaslar üzərində mümkün ola bilər".
Zeynəb Mustafazadə