Azərbaycan-Ermənistan hərbi balansı: güc nisbətinin dəyişməsi və yeni təhlükəsizlik arxitekturası – ÖZƏL

2025-ci ilin dövlət büdcələri regionda hərbi-siyasi reallıqları bir daha üzə çıxardı. Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyan açıq şəkildə etiraf edib ki, ölkəsinin hərbi xərcləri heç vaxt Azərbaycanın səviyyəsinə çata bilməyəcək. Rəqəmlər də bunu təsdiqləyir: 2025-ci ildə Ermənistanın müdafiə büdcəsi 1,7 milyard dollar təşkil edəcək ki, bu da ümumi daxili məhsulun (ÜDM) 6 faizinə bərabərdir. Bu göstərici hətta bir çox NATO ölkələrinin faiz nisbətini üstələyir. Lakin müqayisədə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri təxminən 5 milyard dollardır - yəni təxminən üç dəfə artıq.

Mövzu ilə bağlı Olaylar.az-a danışan hərbi jurnalist Anar Şuşalı bildirib ki, Ermənistanın bu gün üçün ən böyük problemi məhz resurs çatışmazlığıdır: "Ölkə iqtisadiyyatının həcmi, sənaye və enerji imkanları Azərbaycanın səviyyəsinə yaxın olmadığı üçün hərbi xərclərdə də bərabərlikdən söhbət gedə bilməz. Azərbaycanın geniş maliyyə resursları təkcə ordunun silahlanmasına deyil, həm də müdafiə sənayesinin inkişafına sərf olunur. Bu isə Bakıya müasir texnologiyalara əsaslanan, yüksək döyüş qabiliyyətinə malik ordu saxlamağa imkan verir. Digər tərəfdən, Ermənistanın hərbi büdcəsinin ÜDM-dəki payı rekord həddə 6 faizdir. Bu, əslində ölkə üçün sosial və iqtisadi baxımdan ağır yükdür. Belə bir faiz göstəricisi inkişaf etmiş dövlətlərdə adətən yalnız müharibə şəraitində müşahidə olunur".

Ekspert qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə sülh sazişinin paraflanmasından sonra bəyan edib ki, böyük hərbi büdcəyə artıq ehtiyac qalmır. Bu açıqlama fonunda sərhəddə nisbətən sabitliyin hökm sürməsi və Paşinyanın təyyarəsinin ilk dəfə Azərbaycan səmasından tranzit keçməsi diqqətdən yayınmadı. Bu, həm siyasi jest, həm də gələcək münasibətlərdə yeni mərhələnin işarəsi kimi dəyərləndirilir. Bununla belə, ekspertlərin bir hissəsi bildirir ki, Ermənistanın təhlükəsizlik arxitekturası hələ də qeyri-müəyyəndir. Rusiya ilə münasibətlərin zəifləməsi, Qərbin isə tam təhlükəsizlik zəmanəti verməməsi fonunda Yerevan hərbi sahədə strateji seçim etmək məcburiyyətində qalır. Azərbaycanın isə regional üstünlüyü artıq rəqiblər tərəfindən də etiraf olunur.

Gələcəkdə Ermənistan hərbi büdcəni azalda bilərmi?

Ssenarilər müxtəlifdir. Əgər sülh prosesi davamlı olsa və sərhəddə sabitlik qorunsa, Ermənistan hökuməti 2026-cı ildən etibarən hərbi büdcəni azalda, vəsaitlərin bir hissəsini sosial və iqtisadi inkişaf proqramlarına yönəldə bilər. Bu, Paşinyanın daxili siyasətdə mövqelərini gücləndirə bilər. Amma digər variant da istisna deyil: ölkə daxilində müxalif qüvvələr və ya xarici amillər "təhlükə" ritorikasını gücləndirərsə, Yerevan hərbi xərcləri azaltsa belə, mövcud səviyyədən kəskin şəkildə geri çəkilməyəcək. Çünki Ermənistan cəmiyyətində təhlükəsizlik məsələsi hələ də ən həssas mövzulardan biridir.

"Azərbaycanın hərbi üstünlüyü yalnız rəqəmlərdə deyil, həm də siyasi reallıqlarda əksini tapır. Bakı artıq Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi kimi qəbul edilir. Bu, gələcəkdə regionda təhlükəsizlik arxitekturasının Azərbaycanın iştirakı və təşəbbüsləri əsasında formalaşacağını deməyə əsas verir. 
Ekspertlərin yekun qənaəti belədir: Ermənistanın Azərbaycanın hərbi gücü ilə müqayisədə geri qalması fonunda regionda müharibə riskləri azalır, çünki balans artıq Bakının xeyrinədir. Yeganə sual budur - Yerevan bu reallığı uzunmüddətli sülh və sabitlik üçün fürsətə çevirəcək, yoxsa büdcəsini ağır yük altında saxlamağa davam edəcək", - deyə hərbi jurnalist əlavə edib. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31