Tusk: III Dünya müharibəsinə heç bu qədər yaxın olmamışıq
18:28 SiyasətPolşanın baş naziri Donald Tusk bildirib ki, böyük hərbi münaqişə ehtimalı İkinci Dünya müharibəsindən bəri heç vaxt indiki qədər yaxın olmayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun sözlərini "The Guardian" yayıb.
Tusk bu fikirləri Polşanın hava məkanının pozulmasına münasibət bildirərkən səsləndirib. Baş nazir qeyd edib ki, ötən gecə baş verən pozuntular təhlükəsizlik sahəsində daha geniş mənzərənin yalnız bir hissəsidir:
"Rusiya və Belarus bu həftənin sonuna doğru aqressiv hərbi təlimlər keçirməyi planlaşdırır. Bu, vəziyyətin ciddiliyini bir daha göstərir".
O əlavə edib ki, hazırkı şərait əvvəlki bütün dövrlərlə müqayisədə daha təhlükəlidir:
"Bizim müharibə vəziyyətində olduğumuzu iddia etmək üçün əsas yoxdur, amma indiki vəziyyət əvvəlkindən qat-qat təhlükəlidir".
Tusk NATO üzvlərinin ilkin reaksiyalarına toxunaraq, alyansın üzvlərinin vəziyyətin ciddiliyini anladığını və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğuladığını bildirib.
Baş nazir həmçinin Polşanın Ukraynaya verdiyi dəstəyi bir daha təsdiqləyib və bunun Polşanın milli təhlükəsizliyi üçün də fundamental əhəmiyyət daşıdığını qeyd edib.