İranda türk adlarına qadağa aradan qaldırılır: Milli kimlik üçün önəmli addım - ÖZƏL
13:19 Siyasətİranda uşaqlara türk adlarının qoyulmasına məhdudiyyətlərlə bağlı "Balamın adı" kampaniyasına Prezident Məsud Pezeşkian reaksiya verib. "Azad İran"ın məlumatına görə, 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alan dövlət başçısı Vətəndaş Qeydiyyatı İdarəsinə qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.
Türk adları ilə bağlı məhdudiyyətlərin aradan qalxması bölgədəki milli kimlik məsələlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Mən bu məsələni müsbət qiymətləndirirəm. İran Prezidenti Məsud Pezeşkianın davranışları İranda türk kimliyinin tanınması və qəbul olunması baxımından olduqca əhəmiyyətlidir. O, Azərbaycanlı kimliyi ilə bağlı məsələlərə həssaslıqla yanaşır və bununla da etnik və milli kimliyin qorunması sahəsində mühüm rol oynayır. Xüsusilə dil, tədris və mədəniyyət məsələlərinə diqqət yetirməsi, həmçinin digər sosial və mədəni məqamları nəzərə alması bu yanaşmanın nümunəsidir. Hazırda uşaqlara adların qoyulması ilə bağlı yeni bir kampaniya başlanıb. Bilirik ki, əvvəllər İranda uşaqlara türk mənşəli adların verilməsində problemlər mövcud idi. Bu vəziyyət milli kimliyin ifadəsi baxımından çətinliklər yaradırdı. Prezidentin bu məsələ ilə bağlı müsbət reaksiya bildirməsi isə təbii olaraq çox önəmli addımdır və geniş ictimaiyyət tərəfindən müsbət qarşılanmalıdır. Düşünürəm ki, bu təşəbbüs yalnız uşaqlara adların qoyulması məsələsini həll etməklə kifayətlənməyəcək, eyni zamanda İranda türk kimliyinin daha geniş şəkildə tanınmasına və milli kimlik məsələlərinə təsir göstərəcək".
Zeynəb Mustafazadə