Zəngəzur dəhlizi: Moskvanın təsirinə qarşı regionun yeni iqtisadi-geosiyasi imkanları - ÖZƏL
14 Avqust 2025 13:08 Siyasət" 1992-ci ildən Ermənistan-İran sərhədini qoruyan Rusiya FSB Sərhəd Qoşunlarının mövcudluğu Moskvanın bölgədəki təsir mexanizmlərinin ən mühüm alətlərindən biridir. Formal olaraq "təhlükəsizlik xidməti" adı ilə həyata keçirilən bu mövcudluq əslində Ermənistanın sərhəd siyasətini Moskvanın nəzarətində saxlamaq məqsədi daşıyır. Zəngəzur dəhlizi (Tramp yolu) açılacağı halda Rusiyanın bu layihəyə texniki və inzibati bəhanələrlə ləngidici təsir göstərməsi ehtimalı yüksəkdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Moskva illərdir Cənubi Qafqazda kommunikasiya xətlərini öz maraqlarına uyğun idarə etməyə çalışır: " Dəhlizin açılması isə bu təsir rıçaqlarını zəiflədə, regionun iqtisadi-coğrafi dinamikasını dəyişdirə bilər. Rusiya sərhədçiləri formal təhlükəsizlik yoxlamaları və ya "təhlükəsizlik insidentləri" adı ilə prosesə maneələr yarada bilər. Bu, Moskvanın ənənəvi "münaqişəni idarə et, amma həll etmə" strategiyasına uyğundur. ABŞ hərbi strukturlarının birbaşa müdaxiləsi ehtimalı çox aşağı olsa da, Vaşinqton siyasi və diplomatik kanallar vasitəsilə Rusiyanın təzyiq addımlarına qarşı çıxmağa çalışa bilər. Zəngəzur dəhlizi (Tramp yolu) beynəlxalq nəqliyyat şəbəkəsinin bir parçasına çevrilsə, Moskvanın hərbi-texniki müdaxilə imkanları əhəmiyyətli dərəcədə azalacaq. Bu səbəbdən Kreml məsələnin beynəlxalq status qazanmasına qarşı ola bilər. Rusiya bölgədəki nəqliyyat və logistika üstünlüyünü itirməmək üçün Ermənistan üzərindəki təsirini daha da artırmağa çalışacaq. Bu, həm də onun İranla sərhəd xəttindəki mövqeyini möhkəmləndirmək planına xidmət edir. Lakin belə siyasət regionda gərginliyi artırır və sülh prosesinə zərbə vurur. Moskva qısa müddətli geosiyasi dividendləri uzunmüddətli sabitlikdən üstün tutur. Bu yanaşma həm Ermənistanın, həm də bütün Cənubi Qafqazın inkişaf imkanlarını məhdudlaşdırır. Azərbaycanın və Türkiyənin dəhliz layihəsini reallaşdırmaqda göstərdiyi siyasi iradə isə bu təsir modelinə real alternativ yaradır".
Zeynəb Mustafazadə