“Rusiya nüfuzunu bərpa etmək üçün Azərbaycanın maraqlarını nəzərə almalıdır” – ÖZƏL
12:53 SiyasətKremlə yaxın ideoloq Aleksandr Duqin, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə imzaladığı bəyannaməni Rusiyanın Cənubi Qafqaz siyasətinin iflası kimi qiymətləndirib. O, Moskvanın postsovet məkanında nüfuzunu itirdiyini, "çar var - beyin yoxdur" ifadəsi ilə idarəetməni kəskin tənqid edib. Duqin bunu Putinin yanlış strategiyasının nəticəsi, imperiya iddialarının puça çıxması və regiondakı təsir imkanlarının azalması kimi dəyərləndirib.
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Olaylar.az-a bildirib ki, bu gün Rusiyanın müəyyən dairələri, elitası mövcud durumla razılaşmaq, mövcud reallığı qəbul etmək istəmirlər: "Məsələn, dünyanın bir reallığı var və bu gün Azərbaycanın Cənubi Qafqazda yaratdığı bir reallıq var. Məhz Azərbaycana bağlı məsələlərdən danışırıqsa, artıq bu prosesləri geri çevirmək və dəyişmək qeyri-mümkündür. Bu gün Azərbaycan heç bir qonşu dövlətin, regional və ya qeyri-regional ölkələrin maraqlarına toxunmadan, onlara zərbə vurmadan, öz maraqlarını təmin edən siyasət həyata keçirir. Buna görə də, Rusiyanın müəyyən elitalarında narazılıq olsa da, bu, Azərbaycanın apardığı siyasətə təsir göstərməyəcək. Azərbaycan öz maraqlarını qoruyan və təmin edən addımlarını davam etdirəcək".
Ş. Ağayev qeyd edib ki, Rusiya Cənubi Qafqazda nüfuzunu bərpa etmək üçün, nə Duqinin, nə də hansısa politoloq, jurnalist və ya aparıcının sözlərinə istinad etməməli, mövcud reallıqlardan çıxış etməlidir. Rusiya Azərbaycana qonşu dövlətdir və iki ölkə arasında iqtisadi, humanitar və digər əlaqələr mövcuddur. Hazırda bəzi gərginliklər olsa da, bu əlaqələri saxlamaq və inkişaf etdirmək üçün Rusiya Azərbaycanın maraqlarını nəzərə almalıdır. Azərbaycanın maraqlarını nəzərə almaqla yanaşı, Rusiya bərabərhüquqlu siyasət yürütməlidir. Niyə məhz Azərbaycandan danışdım? Çünki Rusiyanın bu gün Gürcüstanla diplomatik münasibətləri hələ də yoxdur. Ermənistanda isə hələ də Rusiyaya bağlı müəyyən təsir dairələri, həmçinin hərbi bazası var. Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır. Lakin bizi əsasən maraqlandıran Azərbaycandır. Azərbaycan heç kimin nüfuzuna zərər gətirmək, kimisə regiondan sıxışdırmaq və ya regionda qarışıqlıq yaratmaq niyyətində deyil.
"Azərbaycanın məqsədi budur: ölkənin maraqları regionda qorunsun və təmin olunsun. Bu da qarşılıqlı əlaqələr, iqtisadi-ticari münasibətlər, siyasi və mədəni əməkdaşlıq formasında həyata keçirilsin. Biz apardığımız siyasətdə heç kimə diktə olunmuruq və heç kimə hansısa siyasi xətti diktə etmək niyyətində deyilik. Yalnız bu formada əməkdaşlıq mümkündür. Prosesləri qarşılıqlı maraqları nəzərə almaqla və qarşılıqlı etimad göstərməklə aparmaq olar. Əks halda, istənilən eskalasiya, gərginlik və təzyiq Rusiyanın Qafqazdakı nüfuzuna xeyir gətirməz," - deyə siyasi şərhçi əlavə edib.
Sevda Dəniz