Aİ mülki missiyası regionu tərk etməlidir-Şəbnəm HƏSƏNOVA- ÖZƏL

"Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan sənəd regionun gələcəyinə dair fundamental sənəddir. Bunun ardınca iki dövlət arasında imzalanacaq sülh sazişinin maddələri yayıldı ki, onlara nəzər yetirərkən bir daha şahidi olursan ki, Ermənistan-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açılacaq. Müqavilənin mahiyyəti Azərbaycan tərəfinin üzərində dayanırsa, öhdəlik götürən tərəfin ağırlıqlı olaraq Ermənistan olduğu aydın görünür. Sənəd kifayət qədər aydındır. Bu baxımdan da Ermənistan sənəddən bu və ya digər qaydada boyun qaçırmaq şansını itirir. " Bu  fikirləri  Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib:
"Sənəddə diqqəti çəkən mühüm bir məqam üçüncü tərəflərin regiona gəlməməsi ilə əlaqədardır. Burada şübhəsiz ki, önə dərhal çıxan məsələ Avropa İttifaqının mülki missiyasıdır. Sənəd onu diktə edir ki, mülki missiya qısa bir zamanda fəaliyyətini dayandırmalı və regionu tərk etməlidir.
Aİ missiyası Fransanın təşəbbüsü və canfəşanlığı ilə Cənubi Qafqaza yerləşdirilmişdi. Zamanında buna Azərbaycanın dövlət başçısının da dərhal, konret və sərt münasibəti olmuşdu. Onu da qeyd edək ki, mülki missiya adı altında casusluq fəaliyyəti ilə məşğul olan insanlar region dövlətləri tərəfindən də kəskin narazılıqla qarşılanmışdı. Deməli, heç bir halda bu missiya regionumuzda istənilmir. Çünki o da aydın məsələ idi ki, missiyanın məqsədi Ermənistanı istifadə etməklə regionda manipulyasiya siyasəti həyata keçirmək üzərində qurulmuşdu.
Sənəd ABŞ-da paraflanıb və bu cür maddə sənədə daxil edilib. Düşünürəm ki, Aİ bu missiyanı geri çağırmadığı təqdirdə ABŞ-la münasibətlərində olan çatlar dərinləşəcək. Aİ missiyası regionla bağlı cəhd edilən istənilən konstruktiv yanaşmanı korlayır, ona zərbə vurur. Bu baxımdan Aİ mülki missiyası regionu tərk etməlidir."

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31