“Aİ-nin regionu tərk etməsi Azərbaycan diplomatiyasının uğurudur" - İlyas Hüseynov - ÖZƏL
12 Avqust 16:26 Siyasət"Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanan memorandum bir sıra yeni reallıqlar formalaşdırdı. Hər iki dövlətin siyasi iradə ortaya qoyması və yeni geosiyasi reallıqlar yaratması diqqət çəkir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı sülh sazişində göstərilir ki, Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə aid qüvvələr geri çəkilməlidir:
" Burada da Avropa İttifaqının Ermənistan ərazisində yerləşən mülki missiyasının regionu tərk etməsi nəzərdə tutulur. Bu mülki missiya regiona qeyri-qanuni şəkildə yerləşdirilib. Praqada Avropa Siyasi Birliyinin sammitində belə razılaşdırıldı ki, Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində iki aylıq müddətə yerləşdirilsin və delimitasiya prosesinə töhfə versin. Təəssüf ki, bu missiyanın sülh prosesinə heç bir töhfəsini biz görmədik. Əksinə, təxribatlar, monitorinq adı altında regionun daxili işlərinə qarışmaq onlar üçün prioritet hesab olunurdu. Müxtəlif patrul fəaliyyətləri həyata keçirdikdən sonra bunu paylaşır və bunun müqabilində işlərinin bitmiş hesab olunduğunu qeyd edirdilər, lakin sülhə heç bir praktiki töhfə vermədilər.
Hesab edirəm ki, onların regionu tərk etməsi böyük uğur hesab olunacaq. Bu, Azərbaycan diplomatiyasının və cənab Prezidentin uğuru kimi qiymətləndiriləcək. Bu da onu deməyə əsas verir ki, əslində Vaşinqtonda imzalanan sənəd böyük bir prosesin başlanğıcıdır və bu proses uzunmüddətə hesablanmışdır. Çünki Ermənistan Konstitusiyasının dəyişdirilməsi, sülh müqaviləsinin imzalanması, Avropa İttifaqının mülki missiyasının regionu tərk etməsi, ATƏT Minsk qrupunun buraxılması kimi tarixi hadisələr bizi gözləyir. Eyni zamanda hesab edirəm ki, Avropa İttifaqının mülki missiyasının regionu tərk etməsi ilə bağlı razılaşmalar Avropa Siyasi Birliyinin Azərbaycanda və Ermənistanda 2027 və 2028-ci illərdə keçiriləcək sammitlərində baş tuta bilər. Proqnozlaşdırıram ki, Avropa Siyasi Birliyinin hər iki ölkədə keçirilən sammitlərində Avropa İttifaqının regionu tərk etməsi mühüm hadisəyə çevriləcək".
Zeynəb Mustafazadə