Trampın vasitəçiliyi ilə 8 avqust: Cənubi Qafqaza sülhün gələn günü - ÖZƏL
12 Avqust 2025 14:05 Siyasət"8 avqust Cənubi Qafqazda sülhün gələn günüdür. Bu tarix 8 noyabr, zəfər gününün davamıdır. Hesab edirəm ki, bu sülhün Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə imzalanması və Tramp yolunun açılması Cənubi Qafqazda yeni bir geostrateji, geosiyasi reallıq yaradır. Bu da Azərbaycan Prezidentinin apardığı məqsədyönlü, doğru-düzgün siyasətin nəticəsidir".
Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gələndən- 2003-cü ildən sonra, onun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Azərbaycandan işğalçı erməni faşist qüvvələrini çıxarmaq və Azərbaycan suverenliyini bərpa etmək idi. Baxmayaraq ki, xarici qüvvələrin, xüsusilə Avropa ölkələrinin daim Azərbaycana təbliğ etdikləri o idi ki, münaqişə bu cür saxlanılsın, müharibə etmək lazım deyil, reallıqları nəzərə almaq lazımdır. Ermənistanın ardında bildiyimiz kimi Qərb - Rusiya, İran və digər ölkələr dururdu. Azərbaycanın xilaskar Prezidenti, Ali Baş Komandanının apardığı düzgün siyasət nəticəsində Azərbaycan torpaqlarını azad etdi, müharibədə zəfər çaldı, ərazi bütövlüyünü təmin etdi və qalib ölkə olaraq sülh sazişini irəli sürdü. Yəni, biz öz ərazi bütövlüyümüzü təmin etdik və Cənubi Qafqazda sülh olmağını istəyirdik. Sülh sazişini də hazırladıq. Bu sazişin yerinə yetirilməsi təxminən dörd il çəkdi. Hamısı maddə-maddə razılaşdırıldı, müəyyən məsələlər uzandı, ancaq nəticədə bu il hər iki tərəf sülh sazişinin maddələrini razılaşdırdı. Bu çox böyük məsələdir, böyük işdir. Hesab edirəm ki, bu da məhz Azərbaycan Prezidentinin apardığı diplomatik səylər nəticəsində oldu. Təsəvvür edin, indiyə qədər son iki yüz ildən artıq müddətdə Cənubi Qafqazda hegemonluq edən, dominantlıq edən Rusiya bu sülh müqaviləsindən kənarda qaldı. Baxmayaraq ki, 2020-ci ildə noyabr sazişində Üçtərəfli Bəyannamədə Rusiya, Ermənistan və Azərbaycan var idi. Həmin maddələrin razılaşdırılmasından sonra müəyyən məsələlərdə razılıq əldə edildi, lakin Rusiyanın apardığı düzgün olmayan siyasət Ermənistan və Azərbaycan tərəfindən də qəbul edilmədi. Belə bir dönəmdə, 2025-ci il yanvarın 20-də hakimiyyətə gələn Tramp özünün sülhpərvər təşəbbüsü ilə dünyanın bir neçə nöqtəsində müharibənin qarşısını aldı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini Vaşinqtona dəvət etdi və məhz 8 avqusta bu tarixi sənədlərə qol çəkildi. Orada olan görüşlərin dəyərli oxucularımız, hesab edirəm ki, izləyiblər, bunu bilirlər. Bu gün özünü dünyanın prezidenti sayan Tramp Azərbaycanın prezidenti haqqında "böyük diplomat" deyə müraciət etdi. Azərbaycan Prezidenti də bildirdi ki, böyük diplomat, lider onun yanında oturub - yəni, Trampı göstərdi. Doğrudan da bu çox təsir edici bir məsələ idi. Orada olan görüşlərdə Azərbaycan Prezidentinə xüsusi hörmət göstərildi, Trampın Azərbaycan haqqında məlumatlılığı, Azərbaycana dəyər verməsi, həmçinin Azərbaycan Prezidentinə Ağ Evin simvolik açar təqdim edilməsi. Bu təkcə Azərbaycan Prezidentinə yox, həm də Azərbaycan dövlətinə, Azərbaycan xalqına olan bir istilikdir, sevgidir, dəyərdir.
Orada Azərbaycan Prezidenti bildirdi ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Hesab edirəm ki, bu məsələ artıq Ermənistanın siyasət gündəliyindədir. Paşinyan dəfələrlə bildirib ki, bizə real Ermənistanın real konstitusiyası lazımdır.
Ermənistanın bu günkü hakimiyyəti başa düşür ki, onların inkişafı Azərbaycan, Türkiyə ilə bağlıdır və bu günkü ABŞ da onlara dəstək göstərir. Paşinyan komandası hakimiyyətə gələndən bəri Rusiyadan qopmağa çalışırlar və bunu da addım-addım həyata keçirirlər, hesab edirəm ki, buna nail olacaqlar. Azərbaycan, Ermənistan və ABŞ arasında olan münasibətləri təbii ki, istəməyən qüvvələr var. Qonşu İranda Xameneinin adamları, generallar Trump yoluna icazə verməyəcəklərini bildirirlər. Ancaq orada da İran Prezidentinin- Pezeşkianın simasında bildirdilər ki, bu, İranın mənafeyinə ziyan vurmur və göstərilənlər kimi, deyilənlər kimi bir məsələ deyil.
Ona görə də ciddi problem olmayacaq. Eyni zamanda hesab edirəm ki, ən riskli məsələlərdən biri Rusiyanın mövqeyidir. Baxmayaraq ki, bu gün dünyada ruslara qarşı təzyiqlər mövcuddur, onların apardığı avantürist müharibəyə görə bütün dünyanın əksər ölkələri Rusiyaya qarşı pis münasibət sərgiləyir. Bu, təbiidir və haqlı bir mövqedir. Çünki təcavüzkar ölkəyə belə münasibət olmazsa, o, digər ölkələrə də qarşı təcavüzkar siyasət apara bilər.
Ona görə hesab edirəm ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığına görə və avqustun 15-də Alyaskada Donald Tramp və Putin görüşündə müəyyən məsələlər, o cümlədən Ukrayna və Rusiya müharibəsinin dayandırılması ilə bağlı məsələlər müzakirə ediləcək. Bunlar hamısı bir kompleks halına gəlir. Hesab edirəm ki, bu risklər var, ancaq qlobal risklər deyil. Çünki Azərbaycan Prezidenti - Ali Baş Komandan nəyi, necə və nə vaxt etmək lazım olduğunu çox gözəl bilir. Azərbaycan Prezidentinin bu qətiyyətli addımı dünyanın bir çox ölkələrini şoka salıb. Ona görə bu gün Rusiyanın media nümayəndələri, Rusiya parlamentarları Azərbaycanı dağıtmaq, ziyan vurmaq lazım olduğunu bildirən ritorikalar işlədirlər. Ancaq bunlar hamısı boş əfsanələrdir, çünki bu gün Azərbaycanın tutduğu mövqe dünya dövlətləri tərəfindən dəstəklənir. Azərbaycanın apardığı siyasət, Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, bu gün çox böyük məsələlərin həllində iştirak edir, qlobal məsələlərdə iştirak edir. Ona görə də, Rusiya istəsə də, bu Azərbaycan-Ermənistan sülh sazişini poza bilməyəcək və Tramp yolunu da heç nə dəyişdirə bilməyəcək. Düşünürəm ki, yaxın zamanlarda biz Cənubi Qafqazda yeni reallığın şahidi olacağıq".
Zeynəb Mustafazadə