Azərbaycan-Ermənistan münasibətlərində sülh: Avropa İttifaqının Ermənistandakı missiyasının sonu - ÖZƏL

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına artıq ehtiyac qalmadığı bildirilir. Siyasi dairələrə görə, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi Aİ və Qərbin Ermənistanda hərbi mövcudluğunu təmin etmək, kəşfiyyat fəaliyyəti aparmaq və Ermənistan-Azərbaycan münasibətlərində gərginlik yaratmaq idi. Hazırda hər iki tərəfin qəbul etdiyi sülh gündəliyinin mövcudluğu fonunda missiyanın fəaliyyəti iflasa uğramış hesab olunur və dayandırılması tələb edilir.

Ermənistan-Azərbaycan münasibətlərində sülh gündəliyinin formalaşması Aİ missiyasının bölgədəki rolunu necə dəyişdi?

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Vaşinqtonda sazişin imzalanması Avropa İttifaqının Ermənistandakı missiyasının əhəmiyyətini sıfırlayır. Artıq ona ehtiyac qalmır, çünki əvvəllər mövcud olan bəhanələr demək olar ki, ortadan qalxıb. Ona görə də hesab edirəm ki, Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətini dayandırmaq barədə qərar qəbul edəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu məsələ yalnız Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı deyil, həm də Avropanın bölgəyə təsir mexanizmi kimi yaradılmışdı. Eyni zamanda, Amerika müəyyən formada moderatorluq edərək, Avropa İttifaqının bu ölkədə ciddi rol almasının qarşısını alır. Amma bütün hallarda Qafqazda siyasi qüvvələr - Qərb koalisiyası müəyyən səviyyədə əməkdaşlıq edirlər. Ona görə də Avropa İttifaqı, Amerika moderatorluğunu nəzərə alaraq, burada qalmağın artıq siyasi və təhlükəsizlik baxımından zəmininin olmadığını anlamalıdır. Ona görə  bu missiyanın ləğvi qaçılmazdır.

Missiyanın iflasa uğramasının əsas səbəbi siyasi məqsədlərin reallıqla üst-üstə düşməməsi, yoxsa regiondakı geosiyasi balansın dəyişməsi oldu?

Regionda yaranan yeni geosiyasi reallığın da böyük rolu var. Azərbaycan və Ermənistan hazırda sanki eyni mövqedədirlər və birgə olaraq Rusiyanın yaratdığı təzyiqlərə qarşı müəyyən addımlar atırlar. Bu səbəbdən bu iki dövlət arasındakı münasibətləri pozan yox, əksinə birləşdirən məqamlara ehtiyac var. Bu baxımdan, Avropa İttifaqının missiyası artıq faydasız və lazımsızdır. Bu layihənin bitdiyini demək olar.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31