“Böyük Ermənistan” ideyası tarixə qovuşdu- ÖZƏL
12 Avqust 12:25 Siyasət"44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror əməliyyatı ilə Qarabağ məsələsini həll edən Azərbaycan, bu dəfə diplomatik masada da əsas mövqelərini qorudu. Vaçinqtonda imzalanan bəyannaməyə əsasən, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də rəsmi olaraq tarixə qovuşdurulacaq. ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan rəhbərləri yekun sülh sazişinin imzalanmasına siyasi razılıq verdilər. Lakin sənədin tam qüvvəyə minməsi üçün Ermənistan hökumətinin yerinə yetirməli olduğu vacib öhdəliklər var". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib:
"Ən mühüm şərtlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi və qonşu ölkələrə ərazi iddialarının rəsmən ləğv olunmasıdır. Digər strateji məqam isə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Bu yolun beynəlxalq nəzarət altında fəaliyyət göstərəcəyinə dair təminat da sənəddə əksini tapıb.Prezident İlham Əliyev, 44 günlük müharibədə qazandığı hərbi zəfəri diplomatik masada möhkəmləndirməklə bir daha tarixi liderlik nümunəsi göstərdi. Onun prinsipial mövqeyi, strateji uzaqgörənliyi və beynəlxalq müstəvidə qazandığı nüfuz, Azərbaycanı regionun aparıcı güc mərkəzinə çevirdi.Ermənistanın Baş naziri Nikol Paşinyan da Vaşinqton Bəyannaməsini imzalamaqla, "Böyük Ermənistan" ideyasının tarixə qovuşduğunu qəbul etdi. Bu addım, erməni xalqı üçün illərlə davam edən təhlükəli xülyaların sonu və regional sabitliyə doğru atılmış zəruri bir addım kimi qiymətləndirilir".