" Region problemlərini həll etməyən İran indi günahkar axtarır" - Turan Rzayev - ÖZƏL
15:54 Siyasətİran rəsmiləri Zəngəzur dəhlizi və Azərbaycanın xarici əlaqələri ilə bağlı sərt açıqlamalar verib. Onlar ABŞ və İsrailin təsirindən narahatlıqlarını bildirərək, Tehrandan aktiv diplomatiya tələb edirlər. Bu bəyanatlar Azərbaycan-İran münasibətlərində gərginlik yarada bilər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"İran tərəfdən belə reaksiyaların olması gözlənilən idi, yəni heç bir təəccüb yaratmadı. Məsələ onun ibarətidir ki, İranda ali rəhbər və onun ətrafında olan komanda arasında fikirlər var və əslində onların bəyanatlarından da bunu aydın görmək olur. Faktiki olaraq, hər ölkə Vaşinqton görüşünü öz maraqları çərçivəsində şərh edir və daxili auditoriyada bu istiqamətdə reaksiyalar görünür. İranda da mövcud rejim bunu öz milli maraqlarına təhdid kimi qəbul edir və qeyd olunan arqumentlər əslində çox absurd bir yanaşmadır. Faktiki olaraq, Zəngəzur dəhlizinin açılması Azərbaycanın mühüm qərarıdır. Burada bizim təkliflərimiz qəbul edilib, amma imza atan yalnız Azərbaycan deyil, eyni zamanda ABŞ və Ermənistan da var. İran bunu İsrail kontekstində şərh edir, İsrailin əlaqələndirdiyini bildirir və nəzərə almalılar ki, İsrail buraya kifayət qədər uzaq məsafədə yerləşir. İran əgər bu qədər məsələyə əsas gətirir və ya narahatdırsa, özü də bu prosesdə vasitəçi ola bilərdi. Əksinə, bu günə qədər sərhədlərin dəyişməzliyi prinsipi, qırmızı xətt yanaşması kimi absurd və əsası olmayan yanaşmalar mövcud idi ki, bu da nəticədə məntiqsiz bir yanaşma idi. Bunun nəticəsidir ki, elə ABŞ-nin vasitəsilə Zəngəzur dəhlizi açılıb. Şübhəsiz ki, bu bizim üçün məqbul bir variantdır.
Amma hər halda Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, region problemlərini region ölkələri ilə həll etmək daha səmərəlidir. Lakin region ölkələrindən nə İran, nə də Rusiya bu məsələyə heç bir konstruktiv yanaşma sərgiləmədi, heç bir məsələnin həllində iradə göstərmədi. Nəticədə də regionun problemi regionun kənarında həll edildi. Əgər bir günahkar axtarılacaqsa, bu region ölkələri, başda Rusiya və İrandır. İranın bu məsələyə yanaşması ənənəvi mövqedən kənara çıxmır və faktiki olaraq bu yanaşmanın real praktik imkanları demək olar ki, sıfıra bərabərdir. Bu qədər sərt bəyanatlarla müqayisədə İran nə bir hərbi müdaxilə edəcək, nə də başqa bir addım atacaq.
İkincisi, bu, Ermənistan ərazisində baş verən bir hadisədir. Bunu Azərbaycanda adlandırmaq və məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq doğru deyil. Fakt budur ki, Ermənistan buna razılıq verib, öz beynəlxalq hüququnu tanıdığı ərazilərdə belə bir tranzitin yaranmasına imkan yaradıb. Buna görə də İrana bu məsələdə heç bir söz düşmür və İranın yanaşması artıq beynəlxalq hüququn pozulması deməkdir.
İranın bu mövqeyi şübhəsiz ki, Azərbaycan və Ermənistan münasibətlərinə təsir göstərə bilər. Amma burada bir məsələ də var: İran prezidenti Məsud Pezeşkianın yanaşmaları o qədər də pis deyil. O bildirir ki, konkret olaraq bu tərzdə bir risk yoxdur və Pezeşkian özü Ermənistan baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. İstisna deyil ki, yaxın müddət ərzində bu məsələ Azərbaycan prezidenti ilə də müzakirə olunub. Pezeşkianın bunun haqqında məlumatı var və o, bu məsələni öz ölkəsinin milli maraqları baxımından riskli hesab etmir. Əksinə, bu məsələdə İran üçün əməkdaşlıq baxımdan olduqca səmərəli variantlar mövcuddur, xüsusilə İranın bir müddətdir reallaşdırmağa çalışdığı Gürcüstan üzərindən Avropaya çıxış məsələsi də bu dəhliz yolu ilə həll edilə bilər. Beləliklə, İranın bu məsələyə sərgilədiyi mövqe, əsasən mövcud rejim içərisindən verilən mövqedir. Halbuki islahatçı qanad və onu təmsil edən prezident Məsud Pezeşkian məsələlərə təhlükəli bir məsələ kimi baxmır".
Zeynəb Mustafazadə