Rusiya və Ukraynanın sülh baxışları tam ziddir, ciddi razılaşma gözlənilmir – ŞƏRH – ÖZƏL

"Bugün Rusiya-Ukrayna müharibəsində tərəflərin sülh və ya atəşkəs məsələsinə baxışları hələ də tamamilə bir-birinə zidd olaraq qalır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ prezidentinin xüsusi elçisinin Kremlə son səfərindən sonra yayılan məlumatlar da göstərir ki, Rusiya tərəfi açıq şəkildə öz işğalçılıq siyasətindən geri çəkilmək niyyətində deyil. Qərb isə təkcə ABŞ-dən ibarət deyil. Xüsusilə Avropanın aparıcı ölkələri - Böyük Britaniya, Fransa, Almaniya, eləcə də digər kollektiv Qərb strukturları Ukraynanın cəbhədə biabırçı məğlubiyyəti ilə barışmaq istəmir. Bu səbəbdən də Ukraynaya hərtərəfli - maddi, hərbi və humanitar dəstək göstərməkdə davam edirlər. 

T. Əliyev qeyd edib ki, ABŞ prezidenti ilə Rusiya prezidenti arasında görüş baş tutsa belə, ciddi nəticələrlə yadda qalmayacaq və bunun ardınca Moskvada keçiriləcək görüş üçün də böyük bir irəliləyiş gözlənilmir.

İstanbul görüşündən fərqli olaraq bu iki liderin görüşündə hansı məsələlər razılaşdırıla bilər? 

Açığı, bu istiqamətdə imkanlar olduqca məhduddur. Çünki uzun müddətdir ki, Rusiya tərəfi ABŞ-nin təşəbbüslərinə bir mənalı şəkildə etiraz edir. Onlar hesab edirlər ki, atəşkəs Ukrayna tərəfinin həm iqtisadi, həm də hərbi baxımdan güclənməsi deməkdir. Rusiya isə atəşkəs dövründə əlavə resurslar cəlb edərək nə iqtisadiyyatını, nə də silahlı qüvvələrini gücləndirmək imkanına malikdir. Ona görə də bu mərhələni öz ziyanına hesab edir və atəşkəsə müsbət yanaşmır. Sülh müqaviləsinin bağlanması da, qeyd etdiyim kimi, hələlik tamamilə mümkünsüz görünür. Çünki tərəflərin sülh anlayışları bir-birinə ziddir.

"Ola bilər ki, həm Alyaskadakı görüşdə, həm də onun ardınca Rusiya ilə keçirilməsi ehtimal olunan görüşdə müəyyən humanitar xarakterli razılaşmalar əldə edilsin. Məsələn, əsirlərin geri qaytarılması, döyüş bölgəsində həlak olmuşların cəsədlərinin çıxarılması kimi məsələlərdə razılıq mümkündür. Amma prinsipial mövzularda ciddi razılaşmanın əldə olunmasını hələlik real hesab etmirəm," - deyə siyasi şərhçi vurğulayıb. 

Sevda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31