Azərbaycan və ABŞ çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcək - ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində atılan addımların xronologiyasına diqqət yetirməklə bir daha Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun, söz sahibliyinin şahidinə çevrilir və bundan hər kəs böyük qürur hissi keçirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "İmzalanan sənədlər arasında dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum"u da xüsusi qeyd etməliyik. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satşa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənisan məsələni yubatmağa, "Sülh kəsişməsi" adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur".

Millət vəkili onu da qeyd edib ki, tarixdə müharibəni udub, amma diplomatiyada uduzan çox ölkələr var: "Məsələn, İsrail Qəzzada hərbi qələbələr qazanmasına baxmayaraq, beynəlxalq imici darmadağın olub. Amma Azərbaycan həm müharibədə tam və mütləq qələbəyə imza atdı, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirdi, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31