" Zəngəzur dəhlizinin açılması Azərbaycanın sivil diplomatiyasının və regionun gələcəyinin zəmanətidir " - Həşim Səhrablı - ÖZƏL
15:05 Siyasət" Sülh müqaviləsinin paraflanmasının bir sıra faydalı tərəfləri oldu. Düşünürəm ki, ən yaxşı cəhətlərindən biri də odur ki, Azərbaycana qarşı iddia olunan " Ermənistana hücum etməyə hazırlaşır", "Koridorun keçici əraziləri silah zoruyla təmin etməyə çalışılır" və.s bu kimi Azərbaycan imicinə zərbə vuran bütün o iftiraların üstündən xətt çəkdi ki, əslində, Azərbaycan həqiqətən də verdiyi vədlərə sadiq, diplomatik həll mümkündürsə, bunu diplomatik yolla edəndir".
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
" Biz dünən də gördük ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasının məsələsinə tamamilə sivil yollarla nail oldu və Vaşinqtonda imzalanan anlaşma ilə bu məsələ öz həllini tapdı. İndi gələcəkdə Nikol Paşinyan iqtidarı və ya Ermənistandakı qarışıq mühitdən istifadə edən fərdlər, qruplar bu müqaviləyə kölgə salarlarsa və ya onun işləmə mexanizmasına zərbə vurarlarsa, bu məsələnin başqa bir tərəfi ortaya çıxacaq, çünki belə bir risk də var. Çünki Ermənistan sivil dövlət deyil, bir dəfə Rusiyanın havadarlığına güvənib meydan oxuyurdular, bir dəfə də qərbə güvənib artıq fərqli mövqedən çıxış edirlər. Ona görə də bu qarşıqlığın sonunda biz hər şeyə hazır olmalıyıq. Amma dünənki razılaşmalar bir daha göstərdi ki, Azərbaycan tamamilə sivil ölkədir, xarici siyasətində həmişə hədə-qorxu dilindən deyil, sivil dildən məsələlərin həllinə nail olmağa çalışır. Amma məhz Ermənistanın pozucu addımları idi ki, Qarabağın işğalına Azərbaycan məcbur qaldı, sonunda hərb əməliyyatları ilə bu məsələ sonlandırıldı. Anti-terror əməliyyatlarından əvvəl də Azərbaycan dəfələrlə bildirmişdi ki, əraziləri silahlı, qanunsuz birləşmələrdən təmizləməlidirlər, Azərbaycanın suverenliyini tanımalıdırlar. Bu diplomatik dildən anlamadıqları üçün Azərbaycan artıq anti-terror addımları həyata keçirdi və güc istifadəsi ilə terrora son qoydu. Digər tərəfdən, dəhlizin açılması ilə bağlı imzalanan bu razılaşma Azərbaycanın tərəfdaşlarına da müsbət mesaj kimi qəbul edilməlidir ki, artıq bu yol açılacaq, Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Şərqdən qərbə və şimaldan da Rusiya buna maraq göstərsə, Avropaya və yaxud da əks istiqamətdə şərqə doğru yollar açılmış olacaq və belə bir dünya miqyaslı ticarət, tranzit layihələrinin işləməsi aktuallaşacaq. Burada bütün dövlətlərin faydası ola bilər. Çinin də, Mərkəzi Asiya ölkələrinin də, Rusiyanın da, Türkiyənin də hətta bu koridordan öz payını çıxarmağa çalışsa və sivil qaydalarla Zəngəzur koridorunun istifadəsinə qoşulsa, İran da burada faydalı tərəf kimi iştirak edə bilər. Avropa dövlətləri üçün də faydalı olacaq, ABŞ özü də artıq faydalı tərəf kimi iştirak edəcək. Yəni bütün tərəflərin maraqlarına uyğun olan bir dəhliz , Zəngəzur dəhlizi beləcə açılmış olacaq. Amma regionun gələcək nizamı ilə bağlı bir qədər narahatlıq doğuran məsələlər də var. Bu məsələlərə xüsusilə artıq diqqət yetirilməlidir. Razılaşaq ki, Zəngəzur koridorunun açılması, ümumiyyətlə, sülhün paraflanması və bu istiqamətdə tutarlı razılaşmaların dünən Vaşinqtonda əldə edilməsi hər baxımdan sivil quruculuq işləri üçün, Qafqaza sülh gətirmək üçün, ölkələrin iqtisadi həyatlarının canlanması baxımından hər tərəflə faydalı bir addım idi. Amma bu faydalı addımı özü üçün, öz maraqları üçün təhlükə sayan dövlətlər var və bu dövlətlər kifayət qədər güclü, eyni zamanda kifayət qədər riyakar və irqçi dövlətlərdir. O dövlətlər indi bu müqavilələrə kölgə salmağa çalışacaqlar, müqavilələrin işləkliyini pozmağa çalışacaqlar, mümkün qədər zərbə vurmağa çalışacaqlar. Bu təhlükələrin üstəsindən biz lazım olduğu kimi çıxa bilsək, bu təhlükələri aradan qaldıra bilsək, o halda yeni müqavilələr, gəlinən razılaşmalar həqiqətən də regionun gələcəkdə dünyanın göz bəbəyi olmasına səbəb olacaq. Və bu, Azərbaycana dünya siyasətində daha yaxşı, daha güclü təmsil olunmaq və daha önəmli mövqedə yer almaq imkanı verəcək".
Zeynəb Mustafazadə