“Minsk Qrupunun ləğvi Azərbaycan üçün tarixi üstünlükdür” – ÖZƏL
14:42 Siyasət"Dünənki görüşdən istədiyimiz nəticələri, demək olar ki, tam şəkildə aldıq. Çünki verilən birgə bəyanatda Minsk Qrupunun ləğvi hər iki dövlət tərəfindən təsdiqləndi. Yəni, ABŞ-nin patronajı altında imzalanan bu bəyanatda həm Minsk Qrupunun ləğvi, həm də gələcəkdə qisas alınmaması, torpaq iddialarından əl çəkilməsi və regionun inkişafı ilə bağlı məsələlərdə ABŞ-nin müəyyən nəzarəti nəzərdə tutulur".
Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən politoloq Ramiyə Məmmədova deyib. Politoloq bildirib ki, Minsk Qrupunun bağlanması, ümumilikdə, Avropa İttifaqı ölkələrinin, xüsusən Fransanın və Rusiyanın bölgədəki təsirinin azalması deməkdir. Çünki bu qurum 30 ildən artıq mövcud olsa da, heç bir real iş görməmişdi. Bundan sonra da onun saxlanılması, maliyyələşdirilməsi mənasız olardı. Minsk Qrupunun olmaması artıq o deməkdir ki, regionda nə Rusiya, nə də Fransa öz nümayəndələri vasitəsilə istədiklərini diktə edə bilməyəcəklər. Bu, böyük bir üstünlükdür ki, hər iki prezident belə bir qərara gəldi.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi məsələsinə gəlincə, yaxın saatlarda ABŞ ilə birgə bu sahədə də əhəmiyyətli irəliləyiş görəcəyik. Ümumilikdə, digər dövlətlərin bölgədəki təsiri azalıb və regionda sabitliyin yaranması üçün daha əlverişli mühit formalaşır. Çünki aranı qarışdıran əsas güclərdən biri indiyə qədər Rusiya olub. MDB təşkilatının zəifləməsi və ya ləğvindən sonra Rusiyanın rıçaqları da azalıb. Digər tərəfdən, Ermənistan hələ də qismən Rusiyanın təsiri altındadır və onun bölgədə proksisi rolunda çıxış edir. Amma buna baxmayaraq, görünür ki, Rusiya artıq əvvəlki gücündə deyil. Əgər Ermənistan üzərindən hansısa oyunlar qurulmasa, daxildə təxribatlar törədilməsə, həm Azərbaycanda, həm də Ermənistanda regionun rifahı və inkişafı üçün real addımlar atıla bilər. Bu isə qonşuluq münasibətlərinin bərpasına, gələcək nəsillər üçün qisas alınmaması prinsipinin möhkəmlənməsinə gətirib çıxarar. Bu, böyük bir irəliləyişdir və hər iki xalq bunu anlayaraq normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlərə qayıda bilər.