Azərbaycan sülhün təminatçısı rolunda çıxış edir - ÖZƏL
15:36 Siyasət"İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın sülh gündəliyini müəyyən edən və diqtə edən tərəf əsas söz sahibi kimi Azərbaycan olub. Azərbaycanın qətiyyətli səyi nəticəsində sülh prosesi irəliyə aparılıb. Bölgədə sülhün əldə olunmasında maqaralı olmayan güclərin pozucu fəaliyyətinə baxmayaraq məhz Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində formalaşdırdığı sülh gündəliyi qısa zaman kəsiyində müsbət sonluqla başa çatmış oldu. Bütün bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı rolunda çıxış etməkdədir. Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülh sazişi sənədini parafalaması dediklərimizin bariz nümunəsidir".
Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu gün Vaşinqtonda imzalanacaq sənəd təkcə Azərbaycanla Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş coğrafiya, xüsusən də Türk dünyası üçün çox böyük siyasi tarixi əhəmiyyət kəsb edir: "Belə ki, bölgəmiz yeni sülh və inkişaf mərhələsinə daxil olur. Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Cənubi Qafqazda tamamilə yeni reallıq yaradır ki, bu da öz növbəsində nəinki bütövlükdə regionda və Mərkəzi Avrasiyanın daha geniş coğrafiyada sıx əməkdaşlıqlar üçün yeni fürsətlər açır. Cənubi Qafqaz və Türk dünyası tarixi əhəmiyyət kəsb edən bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi sayəsində mümkün olub. Bu tarixi hadisə Türkdilli dövlətlər arasında daha sıx əməkdaşlıq münasibətlərinin qurulmasına və yeni güc mərkəzi ortaya çıxmasına öz müsbət töhfəsini verəcək.
Cənubi Qafqazda sülhün əldə edilməsi qlobal miqyasda sülhün, sabitliyin, təhlükəsizliyin, yeni əməkdaşlıü münasibətlər sisteminin formalaşmasına öz təhfəsini verəcək".