Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasında dəyişiklik – Sülh sazişinə aparan yol – ÖZƏL
15:24 Siyasət"Minsk Qrupu faktiki olaraq artıq mövcud deyildi. Azərbaycan 44 günlük müharibədən və bir günlük antiterror əməliyyatından sonra suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Minsk Qrupunun fəaliyyəti, demək olar ki, faktiki olaraq dayanmışdı və qurum praktiki baxımdan ləğv olunmuşdu".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yaradılmışdı. Lakin Azərbaycan bu münaqişəni öz gücü ilə həll etdiyinə görə, belə bir quruma ehtiyac qalmamışdı: "Hüquqi baxımdan varlığı saxlanılsa da, Minsk Qrupunun real fəaliyyəti yox idi, o, kağız üzərində mövcud idi. Azərbaycan haqlı olaraq hesab edir ki, Minsk Qrupunun tam ləğvi gələcəkdə Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı maddələr olduğu halda, beynəlxalq aləmin bunu təzyiq vasitəsinə çevirməsinin qarşısını alacaq. Əks halda, ermənilərin geri qayıdışı, münaqişənin yenidən qızışdırılması kimi məsələlər gündəmə gətirilə bilər".
Ş. Ağayev qeyd edib ki, Minsk Qrupunda iştirak edən üç ölkə - ABŞ, Rusiya və Fransa arasında münasibətlər də gərgin vəziyyətdədir. Rusiya artıq bu qrupun iclaslarında demək olar ki, iştirak etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yaxınlarda bildirdi ki, Minsk Qrupu fəaliyyət baxımından əhəmiyyətsizdir. Azərbaycan üçün vacibdir ki, gələcəkdə bu qurum heç bir formada qeyri-qanuni və haqsız təzyiq vasitəsinə çevrilməsin. Bu səbəbdən Minsk Qrupunun tam ləğvi zəruridir və verilən məlumata görə, ABŞ-yə də bu barədə rəsmi müraciət olunacaq.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişikliklər məsələsinə gəlincə, Paşinyan hökumətinin seçkilərə qədər bu addımı atmaq niyyəti yoxdur: "Əgər belə bir qərar olsaydı, sülh müqaviləsi bu günə qədər imzalanmış ola bilərdi. Paşinyan ehtiyat edir ki, Konstitusiya dəyişikliyi seçkilərdə onun üçün mənfi nəticə yarada bilər. Seçkilərdən sonra Paşinyanın partiyası qalib gələrsə, ehtimal ki, bu məsələ qaldırılacaq. Azərbaycanın birinci şərtlərindən biri məhz bu dəyişiklikdir. İkinci mühüm məqam isə Ermənistan Konstitusiyasında diasporanın idarəçilikdə iştirakı ilə bağlı maddənin mövcudluğudur. Paşinyan fürsətdən istifadə edərək bu maddəni də çıxarmaq istəyir. Beləliklə, Konstitusiya dəyişikliyinin seçkilərdən sonra baş verəcəyi gözlənilir və bundan sonra sülh müqaviləsinə imza atıla bilər. Minsk Qrupunun ləğvi məsələsi isə ehtimal ki, dekabr ayında ATƏT-in illik iclasında həllini tapacaq. Əgər Ermənistan gələn il Konstitusiyada dəyişiklik etsə, sülh sazişinin tam mətni imzalanacaq".