Zəngəzur dəhlizi ilə bağlı ittihamlara son: Azərbaycana deyil, ABŞ-a müraciət edin - ÖZƏL

İranda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr hələ də davam etməkdədir. Rəsmi şəxslər və bir çox ekspertlər bu mövzu ilə bağlı müntəzəm açıqlamalar verirlər. İran dövlət televiziyası müxtəlif proqramlarda, həmçinin müxtəlif "YouTube" kanallarında bu mövzuda müzakirələr təşkil olunur. Ölkə mediasında hər gün Zəngəzur dəhlizinə dair çoxsaylı məqalələr nəşr edilir, sosial şəbəkə istifadəçiləri isə bu mövzuda ardıcıl paylaşımlar etməyə davam edirlər.

Mövzu ilə bağlı fikirlərini siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"İranda fars molla rejiminin idarə etdiyi bu kəsim dünyanın qəbul etdiyi gerçəklərdən xəbərsizdir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr artıq bu gün sona çatmalıdır, çünki bu axşam Bakı vaxtı ilə gecə saatlarında Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə bu məsələ müzakirə olunacaq.Ermənistan isə Zəngəzur dəhlizini ABŞ şirkətlərinə icarəyə verir. Yəni, İranın burnunun ucunda artıq ABŞ bu dəhlizi tikəcək, quracaq və işlədəcək.

Əlbəttə ki, əgər İranın doğrudan da Zəngəzur dəhlizi ilə bağlı deyəcək sözü varsa, bunu Azərbaycana deyil, ABŞ-a ünvanlasın. Biz hələ də onlardan bu məsələyə reaksiya görmürük. Onlar isə yatıb-durub Azərbaycan Respublikasına qarşı çıxırlar. Niyə? Çünki daxildə ictimai rəyi çaşdırmaq istəyirlər. Ölkə əhalisinin yarısı türklərdən - bizim soydaşlarımızdan - ibarətdir. İranı idarə edən fars molla rejimi isə gerçəkləri bir kənara qoyub, öz əhalisini aldatmaqla məşğuldur ki, aramızda uçurum yaratsın.

Amma bu bədbəxtlər hələ də anlamırlar ki, XXI əsrdə insanları aldatmaqla onları yolundan döndərmək mümkün deyil. Zəngəzur dəhlizi məsələsi, qeyd etdiyim kimi, artıq ABŞ-ın məsələsidir və İranın doğrudan da cürəti çatırsa, buyursun, sözünü ABŞ-a desin. Azərbaycana, dolayısı ilə hər hansı ittiham irəli sürülə bilməz."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31