Əli Mustafa: “Ermənistan Konstitusiyası dəyişməsə, Cənubi Qafqazda sülh mümkün olmayacaq” – ÖZƏL
14:54 Siyasət"Azərbaycan-Ermənistan münaqişəsinin həlli artıq özünün son fazasına daxil olub deyə bilərik. Bunun üçün müəyyən şərtlərin və öncül amillərin formalaşması zəruridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Minsk Qrupunun ləğvi bu prosesə yalnız müsbət təsir göstərə bilər. Çünki bu qurumun mövcudluğu müəyyən narahatlıq və qapalı vəziyyət yaradır, həm də artıq ona ehtiyac yoxdur. Sanki Minsk Qrupu bu münaqişənin varlığı üçün yaradılmışdı, lakin biz onun münaqişəni həll etmək istiqamətində real fəaliyyətini müşahidə etmədik. Ona görə də Minsk Qrupunun ləğvi, sülh sazişinin imzalanmasına bir addım da yaxınlaşmaq deməkdir.
Ə. Mustafa qeyd edib ki, Ermənistan Konstitusiyasında da dəyişikliklərin aparılması zəruridir. Əgər Ermənistan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və birgəyaşayışın bərqərar olmasını istəyirsə, Azərbaycanın ərazi iddialarından imtina etməlidir. Bu isə, təbii olaraq, Konstitusiyada dəyişiklik edilməsini şərtləndirir. Mənə elə gəlir ki, bu dəyişikliklər baş verəcək, sadəcə zaman məsələsidir.
Siyasi şərhçi əlavə edib ki, hazırda Ermənistanda revanşist yanaşma mövcuddur. Üstəlik, Rusiya yönümlü müxalifət də bu məsələdən hakimiyyətə gəlmək üçün istifadə edir. Sülh prosesi də daxili siyasi mübarizədə alətə çevrilir. Amma baş nazir Paşinyan və onun dəstəklədiyi əsas qüvvələr, həmçinin Ermənistan ictimaiyyəti anlayır ki, Cənubi Qafqazda yeganə real və davamlı sülh yolu Azərbaycanın ərazi iddialarından imtina edib, sülh sazişi imzalamaqdan, eləcə də bölgədəki bütün kommunikasiya xətlərinə qoşulmaqdan keçir. Ona görə də ümid edirəm ki, Konstitusiyada dəyişikliklər 2026-cı ilədək həyata keçiriləcək.