Yeni geosiyasi reallıqların başlanğıcı- ÖZƏL

"Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın İkinci Qarabağ savaşından sonra yaratdığı reallığın  dünyanın supergücü olan ABŞ tərəfindən qəbulu kimi dəyərləndirmək lazımdır. Bakı yaratdığı reallığın çağırışlarına uyğun olaraq bütövlükdə Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, sıx inteqrasiya olunmuş əməkdaşlığa nail olmaqla yanaşı, Mərkəzi Asiya regionu, xüsusən də Qərblə Şərq, Şimalla Cənub arasında bir  bağlantı rolunu oynayaraq  regional  əməkdaşlıq münasibətlərini  formalaşdırıb". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Ötən müddət ərzində Bakının yürütdüyü  siyasətin ana xəttini yaradılan yeni status-kvonun  geriyədönməz xarakter alaraq irəliyə aparılması təşkil edib.  Bu istiqamətdə yürüdülən siyasət öz bəhrəsini verib və verməkdədir. Vaşinqton görüşü də bunun təzahürüdür.  Vaşinqton səfəri  bölgədə təkcə sülhə deyil, eyni zamanda  Cənubi Qafqaz və Mərkəzi Asiya  regionunda yeni geosiyasi reallıqların yaranması ilə yanaşı, yeni münasibətlərin inkişafına da töhfə verəcək. Çünki səfər zamanı İrəvanla Bakı arasında  sülh sazişinin paraflanması deyil, eyni zamanda  iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində də sənədlər imzalanacaq.  Bu da regionun inkişafına öz müsbət təsirini göstərəcək. Azərbaycan bu prosesdə də lokomotiv rolunu öz üzərinə götürüb prosesi irəli aparmaqdadır.  
Görüşün  həm də yekun sülh sazişinin imzalanmasına xidmət edəcək addımların atması ilə də yadda qalması gözlənilir. Belə ki, Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi, Zəngəzur dəhlizinin açılması,   Ermənistan Konstitusiyasına dəyişikliklər kimi  məsələlərdə də razılığa gələcəklər. Bu da yekun sülh sazişini sürətləndirən əsas amildir. Əgər Ermənistan tərəfi bu üç məsələni həll edərsə, o zaman ortada yekun sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Bu baxımdan Vaşinqton səfəri bir daha Azərbaycanın beynəlxalq  münasibətlər sistemində  ciddi oyunçu rolunda  qəbul edilməsinin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31