Azərbaycan və Ermənistan sülhə doğru: ABŞ-nin vasitəçiliyi nə vəd edir? - ÖZƏL

Azərbaycan-Ermənistan münasibətlərinin taleyini müəyyən edə biləcək növbəti mühüm görüş Vaşinqtonda keçiriləcək. ABŞ-nin təşəbbüsü ilə baş tutacaq bu toplantı, sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması baxımından xüsusi əhəmiyyət daşıyır.

"Baş tutacaq görüş kifayət qədər önəmli  olacaq. Belə ki, bu görüşdə Azərbaycan-Ermənistan normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrin aparılması, kommunikasiyaların açılması və digər məsələlər əsas müzakirə mövzularından olacaq". 
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib: 
"Düşünürəm ki, Əbu-Dabidə keçirilən ikitərəfli görüşdən sonra bu görüşün təşkili prosesin irəliyə doğru aparılmasına mühüm töhfə verə bilər və burada bir çox məsələlərlə bağlı ortaq mövqe sərgilənə bilər. Belə ki, sülh müqaviləsinin mətninin paraflanması mümkün ola bilər. Bundan başqa, tərəflər birgə bəyanat imzalaya bilərlər və gələcək sülhün əsas prinsipləri ilə bağlı bu bəyanatda müddəalar yer ala bilər. Eyni zamanda, kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi aparılıb, bu barədə mövqe ifadə oluna bilər.  Bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılması məsələsi üçtərəfli bəyanatın əsas şərtlərindən biridir. Bu bəyanata görə, Azərbaycan maneəsiz və təhlükəsiz keçid əldə etməlidir. Vaşinqtonda keçiriləcək görüşdə də,Trampın təşəbbüsü ilə "inkişaf və rifah dəhlizi" adlandırılacaq bu dəhlizdən maneəsiz keçid nəzərdə tutulacaqsa, şübhəsiz ki, Azərbaycan buna etiraz etməyəcək. Çünki Azərbaycanın əsas tələbi məhz Zəngəzurdan Naxçıvana keçidin təhlükəsiz və maneəsiz olması ilə bağlıdır.
Əgər bu istiqamətdə razılaşma əldə olunarsa, bu olduqca əhəmiyyətli bir məsələ olacaq və sülh prosesini əngəlləyən amillərdən birinin də ortadan qalxmasının şahidi ola bilərik. Bu baxımdan bu günkü görüşdən gözləntilər kifayət qədər yüksəkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31