ABŞ paytaxtında baş verənlər Azərbaycanın qələbəsidir- ÖZƏL

"Son iki gündə ABŞ paytaxında baş verənlər və verəcəklər əslində oradakı, daşnak yığnağı-ANCA ilə sıx əməkdaşlıq edən "Vaşinqton bataqlığı"ndakılar, eləcə də o bataqlıqdakılara öz "narrativ"lərini sırımağı bacaranlar üzərində Azərbaycanın qələbəsidir".
Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Niyəsinə aydınlıq gətirək. Baxın, ABŞ-dəki daşnak yıgnağının, ümumiyyətlə daşnakların daha çox hansı ölkənin kəşfiyyatına bağlı olduqları yəqin ki, sirr deyil. Və o da sirr deyil ki,  "Vaşinqton bataqlığı"ndakılar o daşnak yığnağı ANCA-nın diqtəsi ilə 2024-cü ilin 3 aprelində Brüssel üçlü görüşünü təşkil etmişdilər. Bəli, o görüş Brüsseldə keçirilsə də, təşəbbüskarı və təşkilatcısı Bayden-Blinken cütlüyü idi. Əsas hədəfi  Ermənistanı militarlaşdırmaq olan bu görüş ABŞ ilə Avropa Birliyinin regiondakı maraqlarına və sülh gündəliyinə zərbə vurmaqdan başqa onu təşkil edənlərin hansısa gözləntisini dogrultdumu? Azərbaycan Prezidenti cənab İlham Əliyev öz mövqeyindən bir millimetr belə geri çəkildimi? Əlbəttə yox! Eyni zamanda daşnak yığnağındakıların əli ilə regionda proseslərin maraqlarına uyğun şəkildə getməsini planlaşdıranların da arzuları içlərində qaldı. Azərbaycan Blinken-Fon der Lyayen-Paşinyan görüşünə qətiyyətli olduğu qədər də sərt reaksiya versə də, qərblə körpüləri yandırmadı. Üstəlik, ikitərəfli format çərçivəsində danışıqları irəli apara bildi.
Və aradan bir il keçər-keçməz Brüsseldəkilər bizə yanaşmada yol verdikləri səhvin özlərinə necə baha başa gələcəyini anlayıb onu düzəltməyə çalışdılar. Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Kaya Kallasın bu il aprelin 25-də Azərbaycana səfəri və Bakıda səsləndiriyi sözlər elə məhz bunu göstərmirdimi? 
Qayıdaq ABŞ-yə, cənab İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunda bu ölkə ilə əlaqələrdə hansı yeniliklərin olacağının və əslində Paşinyanla növbəti görüşün elə orada keçirilə biləcəyinin və hətta hansı sənədin imzalanacağının da bir növ anosunu vermişdi. "Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. 
...O, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.
...Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb". Anons deyərkən mən oxuduğunuz bu cümlələri nəzərdə tuturam. 
Beləliklə, Azərbaycan Prezidenti və Ermənistan baş naziri artıq Vaşinqtondadırlar. Azərbaycanla ABŞ strateji tərəfdaşlıq yönündə inamla irəliləyirlər, çox güman ki, orada regionda sülhə böyük töhfə sayılacaq mühüm addım da atılacaq ki, onlardan da biri razılaşdırılmış sənədinin paraflanmasıdır. Amma yenə elə sözügedən forumda Azərbaycan Prezidentinin üzərində özəlliklə dayandığı məsələlər vard ki, onların da yoluna qoyulacagını və yaxud haqqında daha inandırıcı vəd veriləcəyini düşünürəm. Birinci halda söhbət Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizinin açılmasının tam razılaşdırılmasından, ikinci halda isə Ermənistan konstitusiyasına dəyişiklikdən söhbət gedir.  Torpaqlarımızın bir hissəsinin Ermənistankı kimi təsbit olunduğu maddə konstitusiyalarından çıxarılmayınca o ölkə ilə hərtərəfli sülh anlaşması və əlaqələrin normallaşması mümkün deyil.
Amma Minsk qrupunun buraxılması və kommunikasiyaların açılmasyıyla bağlı tam razılıq əldə olunduğu halda  paraflanmayla yanaşı sülh sazişinə dair niyyət protokolunun imzalanmasını da istisna etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31