Tarixi danışıqlar astanasında: ABŞ sülhə zəmanətçi olmağa hazırlaşır – ÖZƏL

"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda planlaşdırılan görüş mühüm bir prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. Əslində, bu prosesin başlanacağı ilə bağlı ilkin siqnallar daha əvvəl Azərbaycan və Ermənistan rəhbərlərinin son görüşündə verilmişdi. Yəni bunun əlamətləri artıq müşahidə olunurdu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, həmin görüşlə bağlı yayılan bəzi iddialara görə, onun təşəbbüskarı da ABŞ tərəfi olub. Bu isə onu göstərir ki, ABŞ Cənubi Qafqazda sülh prosesinə rəhbərlik etmək niyyətindədir və bu niyyətin reallaşdırılmasına da artıq başlanılıb.

E. Xalidbəylinin sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazdakı sülh təşəbbüslərinə bu qədər diqqət və həssaslıqla yanaşması çox önəmli addımdır. Çünki bu, bütövlükdə Cənubi Qafqazın gələcək taleyinə ciddi təsir göstərə bilər. Əgər ABŞ Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına nail ola bilsə, bu, regionda sabitliyin və davamlı sülhün təmin olunması anlamına gələcək. Uzun illər davam edən qarşıdurma, münaqişə və müharibə rəsmi şəkildə başa çatacaq. Bununla yanaşı, bu sülh sazişinin geosiyasi təsirləri də qaçılmaz olacaq. Çünki indiyə qədər Cənubi Qafqazda sabitliyin pozulması və münaqişələrin davam etməsi ilk növbədə Rusiya və İrana sərf edirdi.

"Bu region nə qədər qarışıqlıq içində olurdusa, Rusiya öz mövqelərini burada daha rahat şəkildə möhkəmləndirə bilirdi. Eyni zamanda, İranın da Cənubi Qafqaza dair müxtəlif iddialar irəli sürməsi üçün uyğun zəmin yaranırdı. Hazırda isə bu proses sona çatmaq üzrədir. Əgər sülh və sabitlik bərqərar olarsa, bu, Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmlərinin minimuma enməsi demək olacaq. Bunun əvəzində isə region yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Bu mərhələ həm də ABŞ və digər Qərb ölkələrinin maraqları nəzərə alınmaqla, bütün Cənubi Qafqaz ölkələri üçün geniş inkişaf imkanları yaradacaq" - deyə siyasi şərhçi vurğulayıb.

Siyasi şərhçi sonda qeyd edib ki, belə bir situasiyada Cənubi Qafqaz Rusiyanın təsir dairəsindən çıxmaq üçün real bir fürsət əldə etmiş olacaq. Bu prosesin uğurla davam etməsi isə regionun Rusiya təsirindən tamamilə qopmasının yolunu açacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31