Vaşinqton görüşü: Nəticədən asılı olmayaraq əhəmiyyətli iki məqam - ÖZƏL

"Vaşinqton görüşü hər hansı nəticənin əldə olunmasından asılı olmayaraq, ən azı iki mühüm məqam baxımından əhəmiyyətlidir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Birincisi, bu görüş ikitərəfli formatın növbəti dəfə təsdiqi olacaq. Ötən ay Əbu-Dabidə ikitərəfli format ilk dəfə beynəlxalq arenada təsdiq edildisə, bu dəfə Vaşinqton görüşü həmin formatın başqa bir beynəlxalq platformada tanınması baxımından önəmlidir.

İkincisi, Vaşinqton görüşü  Azərbaycan-Ermənistan normallaşma prosesinin Rusiya təsir dairəsindən çıxarılması istiqamətində atılan addım kimi də diqqətəlayiqdir.

Doğrusu, bu görüşdən radikal və köklü şəkildə vəziyyəti dəyişdirəcək razılaşmaların əldə olunacağını gözləmirəm. Amma maksimum halda, sülh sazişinin layihəsinə ilkin imzaların atılması mümkündür. Bu, o qədər də zəif ehtimal deyil. Minimum səviyyədə isə sülh sazişi imzalanmazdan əvvəl hər hansı bir niyyət protokolunun və ya niyyət memorandumu formasında sənədin imzalanması mümkündür.

Əlbəttə, baş verəcək variantdan asılı olmayaraq - istər sülh sazişinin imzalanması, istərsə də ondan öncə bir memorandumun qəbul olunması - bunlar əhəmiyyətlidir. Çünki bu sənədlərin ABŞ-ın təqdim etdiyi platformada imzalanması onların davamlılığına müəyyən zəmanət verə bilər.

Hazırda ABŞ prezidentinin münaqişələrin həllinə yanaşma prinsipindən çıxış etsək, yaxın müddətdə münaqişənin tam şəkildə həll olunmasına dair sülh sazişinin imzalanmasını real saymıram.

Çünki Tramp indiyə qədər bir neçə bölgədə yalnız müvəqqəti həll variantlarına nail olub. Məsələn, Hindistan-Pakistan münaqişəsində müvəqqəti atəşkəs təmin edilib, lakin bu, hələlik münaqişənin tam həlli deyil. Kamboca-Tayland münaqişəsində də sülh təmin olunub, amma problem köklü şəkildə aradan qaldırılmayıb. Eyni hal Ruanda və Konqo münaqişəsinə də aiddir - atəşkəs əldə olunsa da, problem tam həll olunmayıb.

Ola bilər ki, Trampın iştirakı ilə bu dəfə Azərbaycan-Ermənistan normallaşması istiqamətində müəyyən irəliləyişə nail olunsun və hansısa sənəd imzalansın. Amma bütövlükdə normallaşmanı uzunmüddətli şəkildə tənzimləyəcək sülh sazişinin imzalanmasını hələlik gözləmək tezdir.

Çünki bu məsələ yalnız Azərbaycanın deyil, daha çox Ermənistanın mövqeyindən asılıdır. Ermənistan isə hələ öz avropalı müttəfiqləri və keçmiş strateji tərəfdaşı olan Rusiya ilə münasibətlərini tam şəkildə aydınlaşdırmayıb.

Yalnız bu münasibətlər dəqiqləşdikdən sonra Ermənistan sülh sazişinin imzalanmasına tam müstəqilliklə yanaşa bilər."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31