“Enerji resursları siyasi silah deyil, əməkdaşlıq alətidir” – Bəhruz Quliyev – ÖZƏL

"Azərbaycanın son illərdə enerji diplomatiyasında apardığı uğurlu və çevik siyasət beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir. SOCAR və "Naftoqaz Ukrainı" arasında imzalanmış müqavilə əsasında Transbalkan dəhlizi ilə həyata keçirilən sınaq qaz təchizatı təkcə kommersiya addımı deyil, həm də Cənubi Qafqaz regionunun enerji xəritəsindəki yeni geosiyasi çəkisinin göstəricisidir. Bu əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha sübut edir." 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert əlavə edib ki, Rusiya tərəfindən Orlovka kompressor stansiyasına edilən hücum isə təsadüfi addım kimi qiymətləndirilə bilməz. Bu, həm Bakıya, həm də Kiyevə ünvanlanmış açıq mesajdır. Amma  Azərbaycan belə siyasi təzyiqlər qarşısında nə ilk dəfədir, nə də təcrübəsizdir. Azərbaycan diplomatik müstəvidə hər zaman balanslı mövqe nümayiş etdirib və bu gün də eyni xətti davam etdirməkdədir: "Hesab edirəm ki, Azərbaycan  Rusiya ilə münasibətləri qarşıdurmaya gətirmədən, eyni zamanda, Avropa və Ukrayna ilə enerji əməkdaşlığını genişləndirməyi bacaran nadir dövlətlərdəndir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış uzaqgörən və milli maraqlara əsaslanan enerji strategiyasının nəticəsidir. Qərblə münasibətlərdə qarşılıqlı faydaya, Rusiya ilə isə qarşılıqlı hörmət və regional sabitliyə əsaslanan əməkdaşlıq çərçivəsində  Azərbaycan öz enerji siyasətini bundan sonra da müstəqil və prinsipial şəkildə davam etdirəcək".

"Bütün bu proseslər fonunda Azərbaycanın dəyişməz mövqeyi birdir: enerji resursları siyasi silah deyil, əməkdaşlıq alətidir. 
Düşünürəm ki, bu prinsip üzərində qurulan siyasət gələcəkdə də Azərbaycanı regional enerji lideri kimi saxlayacaq." - deyə B. Quliyev qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31