Vaşinqtonun moderatorluğu sülh gündəmini intensivləşdirəcək

ABŞ  Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş və onun nəticələri barədə ən müxtəlif fikirlər səslənməkdədir. "Olaylar"ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Akşin Kərimov qeyd edib ki,  ABŞ Rusiyanın Ukraynada apardığı müharibə kampaniyası səbəbilə yaranmış geosiyasi boşluqlara öz strateji imperativlərini yerləşdirməyi nəzərdə tutur.  Vaşinqtonun  Bakı ilə İrəvan arasında moderatorluğu sülh gündəminin intensivliyi, tempi və xarakterinin irəlilədilməsi mənasında müsbət impulslara malikdir. Vaşinqtonda sülh müqaviləsi imzalanmayacaq, lakin sülh üçün açıq qalan məsələlər əks tərəflərdən vahid nöqtəyə doğru yaxınlaşacaq. 
Onun bildirdiyinə görə, ABŞ  Azərbaycan-Ermənistan sülh proqramı vasitəsilə Zəngəzur dəhlizinin əhəmiyyəti fonunda Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan geosiyasi niyyətlərində vahid strategiya ilə uzlaşdırır. Gürcüstanda itirilmiş geosiyasi mövqeyini Azərbaycan ilə əlaqəli şəkildə kompensasiya etmək prinsipləri ilə şərtləndirir. Xəzər dənizinin Azərbaycan sektorunda müdafiə və təhlükəsizlik, energetika sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi kontekstinə baxış bucağını yeniləyir: 
"Türkiyənin son iki ildə ABŞ ilə əlaqələrindəki müsbət dinamikaların nəzərəçarpanlığı Bakı-Vaşinqton əlaqələrinə də potensial təsir göstərir. Bu mənada Əliyevlə Paşinyanın Vaşinqton görüşü  Ankara-Vaşinqton xəttindəki razılıqlar,  o cümlədən PKK-nın ləğvi, onun nəticələri, bu nəticələrin gələcəyəyönümlü hədəfləri sırasında öz yerini tutur. ABŞ Cənubi Qafqazda təkcə Rusiyanın ambisiyalarına deyil, Çinin də iddialı fəallığına diqqət yetirir.  ABŞ gələcəkdə Çinin Bakı-İrəvan arasında etibarlı broker qismində meydana çıxacağından ehtiyat edir. Görünür ki, Ağ Ev rəqiblərini kənarda saxlamaq üçün diktə olunacaq subyekt axtarır ki, bu da Ermənistandır. Buna görə də ABŞ  İrəvanı öz "müdafiə" və diplomatik-siyasi planı altında saxlamağı prioritetləşdirir.  Bu planın Azərbaycana nəzərən ifadəsi belə oxunur: Əgər Vaşinqtonun planı Azərbaycanın hədəfləri ilə üst-üstə düşəcəksə, regionda Azərbaycan-Türkiyə-ABŞ üçbucağında əməkdaşlıq modeli Ermənistanı Rusiyanın təhdidlərindən qoruyacaq. Bu, Ermənistanda gələn il keçiriləcək seçki fonunda xüsusilə qabardıla bilər. Bunun üçün ABŞ əsasən Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tələb və şərtlərini nəzərə almalıdır".
A. Kərimov bildirib ki,  Əliyevlə Paşinyanın Vaşinqton danışıqları İsrail-İran müharibəsindən sonraya təsadüf edir. Ehtimalla, ABŞ regional siyasətindəki yenilənməni həm də İsraillə İranın hərbi qarşıdurmasının nəticələrinə əsasən strateji olaraq səciyyələndirir. Bu, strateji yerləşmədə Azərbaycanın mövqeləri ön plandadır:  "Vaşinqton müzakirələrindən əvvəl, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkofla görüşməsi Cənubi Qafqaz mənzərəsində də diqqət çəkir. Yəni, ABŞ postsovet məkanındakı Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə yanaşı, Cənubi Qafqazdakı potensial müharibə ocaqlarının da söndürülməsinə səy göstərir. Bu, ABŞ-nin Rusiya ilə sövdələşmələri və rəqabətləri imkanlarının hibridinə əsaslanacaq. Rusiya ilə ABŞ bir-birlərinin gələcək potensial ekspansiv ambisiyalarını sarıdan təşvişlərini Azərbaycan-Ermənistan münasibətlərinə proyeksiya etməkdə gecikməyəcəklər. Bunun üçün istifadə olunacaq kadr Ermənistan olacaq. 
Əgər Putin ABŞ danışıqlarından sonra Nikol Paşinyana şirnikləndirici vədlər verəcəksə, Ermənistanın Azərbaycanla sərhəddə təxribatları aktivləşə bilər. Bu ssenaridə Ermənistanın Rusiyadan stimullaşdırıcı dəstək almaq cəhdləri boşa çıxacaq və onun qarşısına Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çıxacaq. İrana gəlincə, o, hazırda geosiyasi və təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün qüvvələrini səfərbər edib və ehtimalla bunu ABŞ ilə Tehran arasındakı nüvə danışıqları faylı ilə tutuşdurur. Bu mənada İran qıcıqlansa da, onun Zəngəzur dəhlizi ilə əlaqədar kodları yeni regional reallıqlarda güclü müqavimət göstərmək imkanından uzaqlaşacaq. Vladimir Putin isə Vaşinqtondakı görüşdən dərhal sonra Rusiyanın alternativ təkliflər paketi ilə çıxış edə biləcəyini nümayiş etdirmək üçün İlham Əliyevlə telefon danışığı aparmağa məcbur olacaq".

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31