ABŞ- Azərbaycan münasibətlərində yeni səhifə

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər ölkələrlə olduğu kimi  Amerika Birləşmiş Ştatları    ilə də hərtərəfli münasibətlərin qurulmasına üstünlük verib. Məhz bu istəyin nəticəsi olaraq iki dövlət arasında ikitərəfli münasibətlər inkişaf mərhələsini yaşayıb. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulub. Belə ki, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılıb. Həmçinin, Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunub. Hələ 2016-cı ilin 30 mart - 1 aprel və 2017-ci ilin 17 - 20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfərləri baş tutmuşdur. 
Azərbaycanla  ABŞ arasında həm də parlamentlərarası əlaqələr yüksək səviyyədə inkişaf edib. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu,  ABŞ Konqresində də Azərbaycan üzrə işçi qrupu fəaliyyət göstərir.
Ölkələr arasında müqavilə-hüquq bazası da möhkəm təməllərə əsaslanır. Daha dəqiq, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.
Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq da inkişaf mərhələsini yaşayır. Hələ 2020-ci ildə  Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 660.8 milyon ABŞ dolları təşkil edib. Hazırda ölkəmiz ABŞ-a xam neft və başqa yanacaq məhsulları, təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, kimya məhsulları, radio və radar avadanlıqları ixrac edir. Hazırda Azərbaycanla ABŞ arasında iqtisadi sahə üzrə bir sıra sazişlər qüvvədədir, paralel olaraq Hökumətlərarası Birgə Komissiya fəaliyyət göstərir. Konkret olaraq  2007-ci ildə Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası təsis edilib. Komissiyanın sonuncu iclası 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib.
 Göründüyü kimi  Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir.
Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır.
Artıq  Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb. Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib. Vaşinqtonın əvvəlki administraisya dövründə zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar vardır. Belə ki, ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə ABŞ  arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq.
Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhvə verməkdədir. Bu cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi. Bütün sadalananlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlara səfəri yalnız ABŞ Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31