Vaşinqton görüşü: Yeni bir ümid işığı - ÖZƏL
7 Avqust 10:55 Siyasət"Vaşinqton görüşü, əlbəttə ki, Güney Qafqaz bölgəsində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Mən əminəm və ümid edirəm ki, bu görüşdən sonra tərəflər konkret bir sənəd də imzalayacaqlar. Düzdür, sülh müqaviləsinin tam olaraq imzalanacağını indidən demək çətindir, çünki Azərbaycanın bəlli şərtləri var. Amma ən azı həmin müqavilənin paraflanmasını gözləyirik."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Yəni, sənəd paraflanacaq və təbiidir ki, paraflanmış mətn üzərində iş davam etdiriləcək. Paraflanma, əslində, son mətnin razılaşdırılması deməkdir.
Azərbaycanın isə konkret və prinsipial bir şərti var ki, bu da beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-a məlumdur: Ermənistan öz konstitusiyasına dəyişiklik etməli və Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu baş vermədikcə, tam və dayanıqlı sülhdən danışmaq mümkün deyil.
Ermənistan artıq elan edib ki, 2026-cı ilin iyun ayında parlament seçkiləri ilə yanaşı referendum da keçirəcək və konstitusiyada dəyişiklik ediləcək.
Düşünürəm ki, bu dəfə imzalanacaq sənəddə Azərbaycan tərəfi həmin şərti açıq şəkildə qeyd edəcək: yəni, referendum yolu ilə konstitusiyaya dəyişiklik edildikdən və Ermənistan Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etdikdən sonra sülh müqaviləsi qüvvəyə minəcək. Ümumilikdə hesab edirəm ki, ABŞ-da belə bir görüşün keçirilməsi bölgəmiz üçün həqiqətən də yeni bir ümid işığıdır."
İbrahim Məmmədli