Elman Cəfərli: "Vətən torpağı, vətənin daşı, qayası, meşəsi təkcə yeyib-içib əylənmək üçün deyil"- ÖZƏL

"Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə layihələrin icra edildiyi bir dövrdə paytaxt Bakı şəhərində, iri şəhərlərdə və xüsusən kənd rayonlarında ətraf mühitin mühafizəsi tədbirlərinə xüsusi diqqət yetirmək lazımdır. Yay aylarında, piknik mövsümündə yanğından mühafizə tədbirləri gücləndirilməlidir". Bunu Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, son vaxtlar meşə zolaqlarında, istirahət məkanlarında bəzi məsuliyyətsiz vətəndaşların ehtiyatsız davranışları üzündən meydana gələn yanğın hadisələri ciddi narahatlıq yaradıb: "Xüsusən işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələri ciddi düşünməyə vadar edir. Bu günlərdə Xocalı ərazisində hektarlarla ərazi yanaraq külə dönüb. Hektarlarla torpaq örtüyü yararsız hala düşüb, ağaclar, kollar, ot örtüyü yanıb. Onsuz da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları son 30 illik erməni işğalı dövründə ciddi şəkildə ekoloji terrora məruz qalıb. Nadir ağaclardan ibarət qiymətli meşə sahələri məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə ekosistemin təbii bərpa prosesi uzun illər vaxt aparacaq. Ərazilər minalardan təmizlənməli, ermənilərin illərlə məhv etdiyi növlər bərpa olunmalıdır. Bundan başqa, bunun mənəvi tərəfi də var. O torpaqlar minlərlə Azərbaycan övladının qanı, canı bahasına azad olunub. O torpaqlara ayaq basanda insan qəribə duyğular yaşayır. Axı vətən torpağı, vətənin daşı, qayası, meşəsi təkcə yeyib-içib əylənmək üçün deyil. Düzdür, heç kimə bunu qadağan etmirlər və etmək də olmaz. Ancaq insanlar məsuliyyətli olmalı, xüsusən isti yay aylarında ehtiyatlı davranmalıdırlar".

QHT sədrinin fikrincə, ətraf mühitin çirklənməsinin və yanğınların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirməyə ehtiyac var. "Yaxşı olar ki, istirahət məkanlarının girişinə məlumat lövhələri asılsın. Cərimələr də çəkindirici vasitədir. Ətraf mühiti çirkləndirməyə, xüsusən yanğına səbəb olan davranışlara görə cərimələr artırılmalıdır", - deyə o bildirib.

Elman Cəfərli istirahət məkanlarında, çay hövzələrində rast gəlinən anti-sanitariya hallarını da tənqid edib: "chr("39")Yaşıl Dünya" EMİB-in fəallarından biri Kamal Hacıyev bu günlərdə Gədəbəydə olub, Başkənd gölünün kənarında monitorinq aparıb. Onun çəkdiyi video-görüntülərdən bəlli olur ki, gölün ətrafında zibil qalaqlanıb. Ətrafda məişət tullantıları qabları azdır. İstirahətə gələn insanlar yedikləri meyvələrin, tərəvəz və bostan bitkilərinin qabıqlarını, çəyirdəklərini, yemək qalıqlarını, plastik qabları hara gəldi - gölün içinə və gölün kənarına atırlar. Olduqca ürəkbulandıran mənzərə yaranır. Nəzərə almalıyıq ki, ölkəmizə xarici turistlər də gəlir. Biz ölkəmiz, onun dilbər guşələri, turistik bölgələri haqqında hansı rəyi yaradırıq?"

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31