Pezeşkianın Bakı etirafının şifrəsi: “Əgər İsrail gəlib Azərbaycanla əlaqə qura bilirsə, demək ki, günah bizdədir” – İran Prezidenti ruhani sistemə meydan oxudu
1 Avqust 10:41 Siyasətİran prezidenti Məsud Pezeşkian Zəncan şəhərinə səfəri zamanı səsləndirdiyi tarixi çıxışla həm İran daxilində, həm də regionda siyasi zəlzələ effekti yaradıb.
Olaylar.az xəbər verir ki, o, Azərbaycanın İran üçün "qardaş və qohum" olduğunu bəyan edərək, iki ölkə arasında əlaqələrin qurulmamasında əsas məsuliyyətin Tehrana məxsus olduğunu açıq şəkildə etiraf edib.
"Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə - günah bizdədir!", - deyə Pezeşkian bildirib.
Bu etiraf sadəcə diplomatik tərzdə deyil, həm də siyasi cəsarət nümunəsidir. Çünki bu sözlərlə o, illərlə İran daxilində mövcud olan mühafizəkar, panşiə ideologiyasının, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) və ali dini rəhbərliyin formalaşdırdığı düşmənçilik ritorikasına tamamilə zidd gedib. Bu, İranın ali ideoloji xəttinə qarşı üsyan bayrağının açılması deməkdir.
İranın son 30 ildə Azərbaycanla münasibətlərində əsas arqumenti belə idi: "Biz münasibət qurmağa çalışırıq, lakin Azərbaycan İsraillə əməkdaşlıq edir, bu da bizim qırmızı xəttimizdir".
Bu iddialar həm dövlət rəsmiləri, həm dini liderlər, həm də rejimə bağlı media orqanları tərəfindən daim təkrarlanırdı.
Lakin Pezeşkian bu ritorikanı bir cümlə ilə darmadağın etdi: "Əgər İsrail gəlib Azərbaycanla əməkdaşlıq edə bilirsə, demək ki, biz bir şeyi düzgün etməmişik!" Bu, sadəcə bir etiraf deyil, Tehranın 30 illik ideoloji manevrlərinin, informasiya müharibəsinin içəridən ifşasıdır. Həm də bu sözlərin müəllifi ölkənin rəsmi, xalq tərəfindən seçilmiş prezidentidir - və bu, onu birbaşa SEPAH-a, ruhani dairələrə, dövlət radiosu və qəzetlərinin apardığı anti-Azərbaycan kampaniyasına qarşı çıxaran faktordur.
Aydın səma üzərində şimşək: Pezeşkianın sözləri mühafizəkar düşərgəni silkələdi
Bu günlərdə İranın rəsmi qəzetləri, SEPAH-a bağlı "Keyhan", "Javan", "Tasnim" kimi media orqanları Azərbaycana qarşı yeni ittiham və təxribat dalğası apararkən, Pezeşkianın səsi onların qışqırıqlarını susduran bir həqiqət kimi eşidildi. Bu, aydın səma üzərində çaxan şimşək effekti idi. Hətta Tehranın öz daxilində belə, bu cür bəyanatlara "devrimə xəyanət", "rəhbərin yolundan çıxmaq" kimi reaksiyalar verilir.
Lakin Pezeşkian sadəcə doğru söz demədi - o, bu doğru sözü dediyi üçün indi siyasi risk altındadır. Bu çıxış həm də onu göstərdi ki, Pezeşkianın Azərbaycan xalqına sevgisi təkcə Şəhriyardan şeir söyləməklə məhdudlaşmır - o, real addım atmağa, diplomatik və siyasi riskləri öz üzərinə götürməyə hazır liderdir.
Pezeşkianın Zəncan səfərində səsləndirdiyi digər önəmli bəyanatlardan biri də Şimal-Cənub nəqliyyat dəhlizinə dair oldu. O bildirib:
"Əgər mövcud imkanlardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yarana biləcək nəqliyyat sensasiya olacaq. Bu dəhliz tam reallaşarsa, bizə sanksiya tətbiq edə bilməyəcəklər!"
Bu bəyanat, İran prezidentinin artıq sadəcə idealist deyil, həm də realist siyasi kurs seçdiyini göstərir. Tehran rejiminin hazırda Qərb sanksiyaları səbəbindən üzləşdiyi təcrid vəziyyəti yalnız regional əməkdaşlıqla, xüsusilə də Azərbaycan və Rusiya ilə tranzit platformalarında birgə layihələr vasitəsilə yumşalda bilər. Pezeşkian bunu görür və bunu açıq şəkildə ifadə edir.
Şimal-Cənub dəhlizi - Hind okeanından başlayıb İran, Azərbaycan və Rusiya üzərindən Avropaya çıxan qlobal ticarət magistralı - təkcə Tehran üçün yox, Moskva üçün də sanksiyalardan yayınmaq, Cənub-Şərqi Asiya bazarlarına çıxmaq və Avropaya iqtisadi nüfuz etmək vasitəsidir. Pezeşkianın bu xətti dəstəkləməsi onun həm regional inteqrasiyanı, həm də İranın iqtisadi xilası üçün praqmatik yol seçdiyini təsdiqləyir.
Pezeşkianın Azərbaycanla bağlı dedikləri təkcə İran diplomatiyası üçün yox, bütün region üçün dönüş nöqtəsi ola bilər. Əgər bu cəsarətli və rasional siyasət davam etdirilərsə, bu, İranın illərlə içində qaldığı təcrid siyasətindən çıxış yolu ola bilər.
Lakin bu yol çətin olacaq. Qarşıda onu gözləyən SEPAH təzyiqləri, ideoloji mühakimələr, daxili "beşinci kolon" və Qum seminariyasının səssiz müqaviməti var. Pezeşkian sanki içində qapanmış, gərilmiş, üzünü qaranlığa döndərmiş bir dövləti öz ayaqları üstündə durmağa çağırır. Onun səsi bu gün bəlkə də azdır, amma əgər İran xalqı və ağıllı siyasi çevrələr bu səsi eşidərsə, bu çağırış gələcəyin bünövrəsinə çevrilə bilər. (Musavat.com)