Xəritəsiz təhlükə: Azad edilmiş ərazilərdə minatəmizləmə problemi - ÖZƏL
31 İyul 13:30 SiyasətAzərbaycanın işğaldan azad olunmuş ərazilərində minalar və partlamamış hərbi sursatlar ciddi təhlükə yaradır. Bu, həm insan həyatı, həm də "Böyük Qayıdış" proqramı çərçivəsində aparılan bərpa və köçürmə prosesləri üçün əsas maneələrdən biridir.
ANAMA bildirir ki, son 5 ildə 204 min hektar ərazi təmizlənib, lakin bu temp davam edərsə, bütün sahələrin təmizlənməsi 20 ilə qədər vaxt apara bilər. Ermənistanın mina xəritələrini təqdim etməməsi yüzlərlə insan itkisinə, əlilliyə və köç prosesinin ləngiməsinə səbəb olur.
Minaların geniş əraziyə səpələnməsi və Ermənistan tərəfindən xəritələrin təqdim edilməməsi təhlükəsizlik strategiyamıza necə təsir göstərir və bu məsələdə hansı qabaqlayıcı addımlar vacibdir?
Məsələ ilə bağlı hərbi ekspert Heydər Mirzə Olaylar.az-a açıqlama verib:
" Nəzərə almalıyıq ki, bu müddət bizə qısa görünə bilər, amma 2020-ci ildən bu günə artıq 5 il keçib. Həmin il işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi hələ müharibə zamanı başlamışdı.
Artıq 2020-ci ilin oktyabrından etibarən bu işlərə start verilib və bu günə qədər kifayət qədər geniş və çətin ərazilər təmizlənib. Bunun ən bariz nümunəsi isə həmin ərazilərdə aparılan tikinti, abadlıq, inşaat və infrastruktur işləridir. Digər tərəfdən, biz hələ də ayda bir dəfə, iki ayda bir dəfə belə xəbərlərlə qarşılaşırıq. Kiminsə ayağını itirdiyi və ya daha faciəli hallarda həyatını itirdiyi hallar baş verir. Amma gəlin, bir anlıq dayanıb geriyə baxaq. Həqiqətən də, belə xəbərlərin 2020, 2021 və 2022-ci illərdə daha çox yayılması, hazırda isə bunun müşahidə olunmaması onu göstərir ki, bu cür halların sayı kəskin şəkildə azalıb. Artıq bu hadisələr bir ayda bir dəfə də olmur, daha nadir hallarda baş verir. Bu isə ərazilərin kifayət qədər təmizlənməsinin göstəricisidir.
Amma, əlbəttə, razıyam ki, biz bu prosesi daha sürətli, daha az resursla və daha effektiv şəkildə həyata keçirə bilərdik. Bu nə zaman mümkün olardı? O zaman ki, Ermənistan tərəfi bizə mina xəritələrini vaxtında təqdim edərdi. Təəssüf ki, Ermənistan əvvəlcə bu xəritələrin verilməsini yubadıb, daha sonra isə onları hissə-hissə təqdim etməyə başladı. 2020-2021-ci illərdə, yəni antiterror əməliyyatları hələ baş verməmişkən və ərazilər tam azad olunmamışkən, Ermənistan bu xəritələri danışıqlar prosesində bir növ təsir alətinə çevirməyə çalışırdı. Amma bu yanaşma onlara heç bir fayda vermədi. Nəticədə ərazilər tam şəkildə azad edildi və antiterror əməliyyatı həyata keçirildi.
Yəni ümumilikdə deyə bilərik ki, xəritələr olsaydı, biz bu işi daha sürətli görə bilərdik. Amma xəritələrin olmaması bu prosesin dayandığı anlamına gəlmir. Biz bu işi öz gücümüzlə, öz resurslarımızla həyata keçiririk.
Üçüncü bir məsələ də budur ki, gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonra və biz növbəti mərhələyə keçdikdə - məsələn, sərhədlərin və kommunikasiyaların açılması, hər iki ölkənin vətəndaşlarının bir araya gəlib ünsiyyət qurması, kiçik və orta bizneslərin yaradılması kimi proseslərdə - mina məsələsi və xəritələr məsələsi yenidən müzakirə olunmalıdır. Bu, Ermənistan tərəfinin səmimi niyyətini və xoş məramını göstərmək üçün bir fürsət olacaq.
Təəssüf ki, biz bu günə qədər belə bir səmimiyyət görməmişik. Amma indi müəyyən işarələr və zəminlər var ki, bu barədə danışmaq mümkündür. Bu isə artıq Ermənistanın gələcək davranışından asılı olacaq.
Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm: bu minalar məsələsi sadə deyil. Partlamamış hərbi sursatlar ayrıca mürəkkəb məsələdir, amma minalar həm işğal dövründə - məsələn, 1997, 2005, 2018-ci illərdə - yerləşdirilib, həm də 2020-ci il müharibəsi zamanı və antiterror əməliyyatları zamanı ermənilərin tələm-tələsik geri çəkildiyi dövrdə basdırılıb.
Bu, çox daha çətin vəziyyətdir. Çünki döyüş zamanı məğlub olan bir hərbi birlik şəxsi heyət itkisi ilə, yaralı və itkinlərlə, mövqe itkiləri ilə geri çəkilir. Belə panika şəraitində mina yerləşdirən komandirlər həmin minaları işarələməyə vaxt tapmır. Mən istisna etmirəm ki, 2020-ci ildə və daha sonrakı antiterror əməliyyatlarında ermənilər geri çəkilərkən minaları tez və qeydsiz şəkildə yerləşdiriblər. Bu, realdır. Çünki döyüş şəraitində həyatda qalmaq prioritet olur, sabah bu minaları kim və necə təmizləyəcək, bu haqda düşünmürlər. Ona görə də bu reallıqları da nəzərə almalıyıq".
Zeynəb Mustafazadə