Regionu təhdid edən təhlükə - növbəti SOS

Ermənistandakı Metsamor AES "saatlı bomba" kimi təsvir edilir; Rusiyanın dəstəyi ilə işləyən zavodla bağlı şok xəbərdarlıq

Sovet dövründə Ermənistanda tikilən Metsamor Atom Elektrik Stansiyası (AES), mütəxəssislərin fikrincə, ciddi təhlükə yaradır. Zəlzələ zonasında yerləşən zavod "saatlı bomba" və "növbəti Çernobıl" kimi təsvir edilir. 1976-cı ildə açılan və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Zavod 1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlanıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.

Cənubi Qafqaz üzrə ekspert Peter Marko Teys "Daily Mail"ə açıqlamasında zavodun texnoloji cəhətdən köhnəldiyini və maliyyə çatışmazlıqları səbəbindən əhəmiyyətli təhlükəsizlik baxımından böyük risk daşıdığını deyib. "Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Partlayış baş verəcəyi halda o, Çernobıl kimi torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər, onun təsiri illərlə Avropanın səmalarında da hiss edilə bilər", - deyə Teys bildirib.

Stansiyanın aktiv seysmik qırılma xəttində yerləşdiyinə diqqət çəkən mütəxəssislər, onun struktur təhlükəsizliyinin yetərli olmadığını bildirirlər.

Hazırda zavod Rusiyanın dövlət nüvə enerjisi şirkəti "Rosatom"un texniki dəstəyi ilə işləyir. Teysin fikrincə, bu vəziyyət Kremlə Cənubi Qafqazda enerji siyasətində əhəmiyyətli rol oynamağa imkan verir. "Rosatom"un stansiyadakı iki reaktordan birini modernləşdirməsi gözlənilir, lakin 2023-cü ilin dekabrında imzalanmış müqavilənin həyata keçirilib-keçirilməyəcəyi hələ də bəlli deyil.

Zavodun yaratdığı təhlükəyə diqqət çəkən ekspert Teys beynəlxalq ictimaiyyəti dərhal müdaxiləyə çağırıb. Metsamorun qlobal təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayan Teys bildirib ki, Avropa Birliyi və ABŞ dərhal hərəkətə keçməli və bu "saatlı nüvə bombasını" dayandırmaq üçün təcili tədbirlər görməlidir. O, Metsamor AES-in qlobal təhlükəsizlik və sabitliyə ən ciddi təhdidlərdən biri olduğunu bəyan edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Metsamor AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.

Metsamor AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət edərək Metsamor AES-in yaratdığı təhlükələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir. Daha da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan sona çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan bu stansiyanın istismar müddəti artıq 40 ili də aşıb.

Ermənistanın Rusiyanın "enerji köləliyindən" qurtulmaq üçün Metsamordan Amerikanın xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil.  Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorlarında da yüksək zənginləşdirilmiş urandan istifadə edilir.

Qabil Hüseynli səhhətindən danışdı: "Yoldaşım müalicə edir" | Modern.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin "Yeni Müsavat"a bildirdiyinə görə, Azərbaycan Ermənistanla təmaslarda bu məsələni də xüsusi qaldırmalıdır. "Baxmayaraq ki, gündəlikdə sülh prosesi, sərhədlərin dəqiqləşməsidir, Metsamor da regionun təhlükəsizliyi üçün eskalasiya riski qədər önəmli məsələdir. Azərbaycan rəsmiləri Ermənistan qarşısında bu problemi tez-tez qaldırmalıdırlar ki, İrəvan problemin ciddiliyini və bizim israrlı mövqeyimizin dəyişmədiyini görsün. Təbii ki, Metsamor bölgə üçün ciddi təhdid sayılır. Bununla bağlı onlarla çağırışlar edilib, mütəxəssislərin rəyləri, sübutları var. Amma bu məsələdə Rusiyanın siyasi təsirini nəzərdən qaçırmaq olmaz. Təkcə Ermənistandan asılı problem deyil. Moskva özünün təsir rıçaqlarından biri olaraq bu stansiyadan istifadə edir. Ermənistan isə əsas gətirməyə çalışır ki, əhalinin enerji təminatında Metsamor əlahiddə rol oynayır. Ancaq region üçün təhlükə saxlanmaqdadır", - deyə Q.Hüseynli vurğulayıb.

Onun qənaətinə görə, ABŞ da sözügedən AES-in bağlanmasına tərəfdardır, sadəcə, özünün maraqlarından irəli gəlir: "Yəni Ermənistana alternativ enerji verməklə onun Rusiyadan asılılığını azaltmaq istəyirlər. Hazırda real bir addım görmürəm. Düşünmürəm ki, Ermənistana belə tezliklə köməklik göstəriləcək. Bu ölkənin hələ də Rusiyadan asılı qaldığı çox səbəblər var. Bir məsələ də var ki, onun fəaliyyəti dayandırılacağı halda "çirkli" nüvə tullantılarını kim utilizasiya edəcək? Bundan başqa, Cənubi Qafqazda radioaktiv maddə qaçaqmalçılığı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından həyata keçirilir. Ümumiyyətlə, AES həm bölgədə uran qaçaqmalçılığının, həm də nüvə təhlükəsinin mənbəyidir. AES-də istifadə olunan sistemlərin köhnəliyi hər an sızıntı olması və bölgədə yeni Çernobıl faciəsinin yaşanması riskini artırır".

Məlumat üçün deyək ki, erməni dilində "Oktemberyan-1" adlanan Metsamor AES iki ayrı blokdan ibarətdir. Bloklardan birincisi 1976-cı, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Dünyanın imtina etdiyi bu texnologiyadan hazırda Metsamor AES-də istifadə edilir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.

Bu, Metsamorun Çernobıldan da riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələri ortaya çıxarır.

Metsamorun VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur. AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. Avropa İttifaqı "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb edib. 2016-cı ildə Gürcüstanda saxlanılan uran qaçaqmalçılarının Metsamor AES-in keçmiş işçiləri və Ermənistan parlamentinin keçmiş deputatı "Şmays" ləqəbi ilə tanınan Arakel Movsisyanın yaxın qohumları olması faktı təsdiqləyir.

2016-cı ildə "Aprel döyüşləri"ndən sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyan, həmçinin "Komandos" ləqəbli general Arkadi Ter-Tadevosyan "çirkli bomba" adlandırılan atom bombasına malik olduqlarını iddia edərək, Azərbaycanı vurmaqla hədələyirdi.  Bu faktlar fonunda Kutaisidə radioaktiv maddə satmağa çalışan şəxslərin həbs edilməsi Ermənistanın həyata keçirdiyi "çirkli bomba" qaçaqmalçılığının hələ də davam etdiyini təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31