“Qusmanın vəzifədən uzaqlaşdırılması Rusiyada azad sözə dözümsüzlüyün göstəricisidir” – ÖZƏL
25 İyul 16:28 SiyasətRusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı sərəncama əsasən, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman vəzifəsindən azad edilib.
Rusiya mətbuatında yayılan məlumatlara görə, Qusmanın vəzifədən uzaqlaşdırılması onun iyul ayında Xankəndidə keçirilən Qlobal Media Forumunda iştirakı ilə əlaqələndirilir. Forum çərçivəsində jurnalist Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında iştirak etmiş və ölkə rəhbərindən "bütün sahələrdə unikal xarici siyasəti necə həyata keçirdiyini" soruşmuşdu.
Hadisə Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb. Xüsusilə bir sıra rusiyalı hərbi blogerlər Qusmanın forumdakı çıxışına və Azərbaycan Prezidentinə yönələn sualına görə onu kəskin tənqid etmişdilər.
"TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın uzun illər çalışdığı vəzifəsindən uzaqlaşdırılması, Rusiyada azad sözə və fərqli fikrə qarşı dözümsüzlüyün açıq bir təzahürü kimi qiymətləndirilə bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün də Rusiya Xarici İşlər Nazirliyinin və Prezident Administrasiyasının rəsmiləri Azərbaycan-Rusiya münasibətlərinin normallaşması üçün hər vasitəyə əl atırlar, belə bir şəxsə - Azərbaycanda həm xalq, həm də hökumət tərəfindən rəğbətlə qarşılanan Mixail Qusman kimi bir insana qarşı atılan bu addım, Rusiya tərəfinin münasibətlərin normallaşmasında səmimi olmadığını göstərir. O ki qaldı, Rusiya ictimaiyyətində Mixail Qusmanın 3-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin ünvanına səsləndirdiyi fikirlərə göstərilən etiraza - mən hesab edirəm ki, bu etirazlar həqiqəti əks etdirmir. Əslində, Mixail Qusmanın həmin açıqlamaları Rəsmi Kremlin və onun media təmsilçilərinin ciddi narahatlığına səbəb olub. Elə buna görə də belə istedadlı bir jurnalistə qarşı bu dərəcədə haqsız münasibət göstərildi.
Siyasi şərhçinin sözlərinə görə, Rusiyada ictimai-siyasi münasibətlər günü-gündən daha da şovinistləşir. Sağlam düşüncəyə və fərqli baxışlara qarşı dözümsüzlük artmaqdadır. Bu, təkcə qonşu ölkələrlə münasibətlərə deyil, ümumilikdə Rusiya cəmiyyəti və dövləti üçün də yaxşı gələcək vəd etmir. Mixail Qusmanın belə bir səbəbdən uzaqlaşdırılması təkcə Azərbaycanda deyil, elə Rusiyanın özündə də Rusiya hakimiyyətinin nə qədər qapalı və dözümsüz bir siyasi xarakterə sahib olduğunu nümayiş etdirir. Qusman, tarixi vətəninə və onun liderinə simpatiyasını gizlətməməklə, əslində dürüst bir mövqe sərgilədi. O, 3-cü Qlobal Media Forumundakı çıxışında nə əvvəl, nə də sonra Rusiya dövlətinə və ya hakimiyyətinə qarşı təhqiramiz və ya aşağılayıcı heç bir hərəkətə yol verməmişdir.
Hesab edirəm ki, Rusiya hakimiyyətinin bu davranışı nə ölkə daxilində, nə də beynəlxalq aləmdə onun imicinə müsbət təsir göstərmir və Rusiya-Azərbaycan münasibətləri üçün də yaxşı gələcək vəd etmir.
Səidə Ramazanova