102-ci baza adı var, özü yox: Ermənistan Rusiya bazasını çıxarır? - ÖZƏL
25 İyul 14:48 SiyasətErmənistanda Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Gümrü sakinləri arasında narahatlıq doğurur. Rəsmi qərar olmasa da, sosial-iqtisadi və təhlükəsizlik baxımından bu məsələ geniş müzakirə olunur. Deputat Mher Melkonyan bu fikirləri şayiə adlandırsa da, bəziləri bazanın çıxarılmasının ciddi sosial problemlərə yol aça biləcəyini düşünür. Müxalifət və siyasi fəallar isə Ermənistanın müstəqil təhlükəsizlik siyasəti yürütməsinin vacibliyini vurğulayır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"Düşünürəm ki, bu tipli iddialar iddiadan o tərəfə keçmir. Yəni, bunlar daha çox spekulyasiya məqsədilə irəli sürülən addımlardır.
Burada məqsəd daxili auditoriyada çaşqınlıq yaratmaq, qorxu atmosferi formalaşdırmaqdır. Sanki 102-ci hərbi baza Ermənistan üçün təhlükəsizlik zəmanətidir. Halbuki bu, əslində Ermənistan dövlətçiliyinə və onun daha sərbəst xarici siyasət yürütməsinə maneə olan amillərdən biridir.
102-ci baza həm də Ermənistanda Paşinyanı devirmək potensialına malik qüvvələrə silah yardımı edə biləcək bir mərkəz rolunu oynayır. Mən bu baxımdan düşünürəm ki, bu tipli iddialar daha çox Rusiya tərəfindən ortaya atılır. Şübhəsiz ki, bu proses Rusiyanın son zamanlar artan şəkildə 102-ci hərbi bazanın çıxarılması ilə bağlı səslənən fikirlərə cavab olaraq gündəmə gətirilir.
Artıq məlumdur ki, Paşinyanın belə bir niyyəti var. Paşinyan da anlayır ki, Azərbaycanın da, Türkiyənin də ona qarşı bir təhlükə yaratmaq niyyəti yoxdur. Əlbəttə ki, bu, Paşinyan "qırmızı xətti" keçmədiyi təqdirdə keçərlidir. Həm Azərbaycan, həm də Türkiyə sülh və əməkdaşlıqda maraqlıdır.
Məhz bu səbəbdən Paşinyan daha cəsarətli addımlar atmaq istəyir. Bu addımların ən önəmlisi, şübhəsiz ki, 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsidir.
O ki qaldı bu bazanın vaxtından əvvəl çıxarılmasına - bu mümkündür. Çünki bu gün Ermənistan daha çox Amerika və Avropa ilə əməkdaşlıq kursu götürüb. Türkiyə ilə münasibətlərin normallaşması fonunda gələcəkdə Avropa inteqrasiyası məsələsi də gündəmdədir. Bunun reallaşması üçün isə 102-ci hərbi bazanın çıxarılması vacibdir. Hətta bunun vaxtından əvvəl baş vermə ehtimalı da yüksəkdir. Paşinyan buna nail ola bilsə, bu, onun hakimiyyəti dövründə baş tuta bilər.
Amma ondan sonra kimin hakimiyyətə gələcəyi artıq sual altındadır. Bu, qeyri-müəyyən məsələdir və xüsusilə qeyd etmək lazımdır ki, ondan sonra gələcək qüvvə bu prosesi davam etdirmək istəyəcəkmi? Bunu indidən demək çətindir. Amma ən azından Paşinyan çalışacaq ki, öz hakimiyyəti dövründə bu qoşunları ərazidən çıxarsın.
Bu, həm də regional güc balansına təsir edəcək. Amma düşünürəm ki, 102-ci bazanın regional güc balansına ciddi təsiri elə bu günə qədər də olmayıb. Əgər olsaydı, biz bunu 44 günlük müharibədə və ondan sonrakı proseslərdə görərdik. Avropa İttifaqının mülki missiyası Ermənistana gəldi - 102-ci baza nə etdi? Amerikanın hərbçiləri də bu gün Ermənistandadır, yenə də baza heç bir rol oynamadı. Yəni, 102-ci bazanın adı var, özü yoxdur. Buna görə də onun çıxarılmasını real hesab edirəm".
Zeynəb Mustafazadə