Qarabağda yanğınlar: təbii hadisə, minaya düşmə, yoxsa təxribat? - ÖZƏL
25 İyul 13:46 SiyasətQarabağda yanğınlar yenidən başlayıb. Ağdam və Ağdərənin kəndləri alovla əhatə olunub, minalı zonalarda partlayışlar qeydə alınıb. Bəs bu hadisələr təsadüfi yanğınlardır, yoxsa arxasında gizli məqsədlər dayanır?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Əlbəttə ki, bu yanğınlarla bağlı üç ehtimal yaranır. Bunlardan birincisi odur ki, bu təbii yanğınlardır. Yəni, təbii olaraq həmin ərazidə yanğın baş verə bilər. Məsələn, meşə yanğınları. Bu, bəzi hallarda müşahidə edilə bilər. Amma Azərbaycan ərazisində nə həddindən artıq quraqlıq olmadığı üçün meşə yanğınlarının yaranmasında da insan faktorunun xüsusi rolu var.
Bu turistlərin ehtiyatsızlığı nəticəsində də baş verə bilər. Son illərdə Qarabağda turizm xeyli artıb. İnsanlar bu ərazilərə gəlməyə çalışır, bu ərazilərdə istirahət edirlər.
İkinci ehtimal odur ki, burada partlanılmamış minalar, silah-sursat var. Aydın məsələdir ki, onların təmizlənməsi illərlə vaxt olacaq. Ola bilsin ki, ehtiyatsızlıq nəticəsində,məsələn, heyvanların minaya düşməsi nəticəsində partlayış ola bilər və.s.
Və üçüncü versiya isə - bu yanğınların qəsdən törədilməsidir. Burada daha çox xarici qüvvələr ola bilər. Məsələn, Ermənistan. Ermənistanın hansısa xüsusi qüvvələri ola bilər. Sərhəddən keçən erməni qrupları da bu işi törədə bilərlər. Eyni zamanda, mümkündür ki, hansısa xarici qüvvələr Ermənistanla bu məsələdə müttəfiq olub və Ermənistan-Azərbaycan bölgəsində müəyyən proseslərə mane olmaq istəyi ilə burada iştirak edə bilər. Bu da mövcud ehtimallar sırasında nəzərdən keçirilə bilər.
Çox az ehtimaldır, amma mümkündür ki, Azərbaycanın daxilində də hansısa qüvvələr belə bir hadisəyə yol versin. Biz bunun ehtimalını çox az görürük. Azərbaycanın daxilində, xüsusilə Qarabağda çox güclü nəzarət və təhlükəsizlik tədbirləri var. Orada çox güclü şəffaflıq və təhlükəsizlik sistemi qurulub. Hər cür texnoloji nəzarət vasitələri ilə təxribatlardan, düşmən hücumlarından qorunmağa çalışılır.
Ona görə bu, ümumiyyətlə mümkünsüz kimi görünür, amma yenə də nəzəri baxımdan istisna edilmir ki, daxildən də hansısa təxribat məqsədilə, yaxud xarici qüvvələrin sifarişi ilə bu cür yanğın törədilə bilsin".
Zeynəb Mustafazadə