Təyyarələr havaya qalxdı, silahlar hazırlandı – Paşinyandan Rusiyaya ağır zərbə
24 İyul 10:05 SiyasətRusiya ilə Ermənistan arasında bir müddətdir müşahidə olunan gərginlik artıq müxtəlif istiqamətlərdə özünü göstərir. Ötən günlərdə Rusiyaya məxsus hərbi yük təyyarələrinin Ermənistana intensiv uçuşları ilə bağlı yayılan məlumatlar narahatlığı daha da artırıb. Yalnız son 10 gün ərzində 12 belə reysin həyata keçirildiyi, onlardan 10-nun Gümrüyə, 2-nin isə birbaşa İrəvana yönəldiyi bildirilir.
Rəsmi Moskva məsələ ilə bağlı hər hansı şərh verməsə də, erməni mənbələri bu uçuşların təsadüfi olmadığını, Əbu-Dabidə keçirilən görüşün Kremldə ciddi narazılıq doğurduğunu yazır. Məlumata görə, Ermənistanın Baş nazir Nikol Paşinyanın oliqarxlar və kilsəyə qarşı atdığı addımlar Kremldə ciddi narazılıq doğurub.
Moskvanın İrəvanla bağlı planı nədir? Sözügedən uçuşlar hansı məqsədlə həyata keçirilir?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, rəsmi İrəvanla Moskva arasındakı gərginlik heç kimə sirr deyil:
"Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın maraqlarını kifayət qədər ifadə edə bilmir. Baş nazir İrəvanı Kremlin təsir dairəsindən çıxararaq Qərblə daha da yaxınlaşmaq xəttini izləyir. Buna görə də Moskva öz son dayaqlarını neytrallaşdırmaqda qərarlıdır. Əgər bu alınmasa, qarşı tərəf Paşinyanın hakimiyyətinə son qoymağa çalışacaq.
Təbii ki, Rusiya Ermənistandakı əlaltılarını qurban vermək niyyətində deyil və onların müdafiəsi üçün maksimum cəhd göstərir. Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurma da məhz bu səbəbdəndir. Rusiya kilsənin məğlubiyyətini istəmir. Hazırkı vəziyyətdə Rusiyaya məxsus yük təyyarələrinin Ermənistana mütəmadi uçuşları bu ölkəni silahlandırmaq üçün yox, Kremlə bağlı qüvvələri qorumaq və öz mövcudluğunu saxlamaq məqsədi daşıyır. Çünki artıq Rusiyanın silahlandıra biləcəyi tərəf qalmayıb. Paşinyan bütün əsas güc strukturlarına az da olsa, nəzarət etməyi bacarıb".
Mütəllim Rəhimov
Politoloq bildirib ki, Kreml məhz bu səbəbdən hərbi birləşmələri və daxildəki tərəfdarları vasitəsilə Paşinyan hakimiyyətinə qarşı silahlı üsyan təşkil edə bilər:
"Əslində bunun reallaşma ehtimalı kifayət qədər yüksəkdir. Çünki Rusiya ya hansı vasitə ilə olursa olsun, Ermənistanda qalmalıdır, ya da oradan çıxarılmaq üzrə olduğunu qəbul etməlidir. İkinci hal baş verərsə, Moskva üçün Qafqazda yerləşən böyük orta yol üzərində nəzarəti itirmək riski yaranacaq. Bu isə fəlakət hesab olunur.
Beləliklə, Kremlə görə yalnız bir yol qalır: nə mümkündürsə etmək və İrəvandakı mövcudluğunu qorumaq. Ona görə də Ermənistana daşınan silahların yaxın gələcəkdə partlaması ehtimalı yüksəkdir".