"ABŞ-nin iştirakı bölgədə yeni gərginlik yarada bilər" - İlyas Hüseynov - ÖZƏL

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bildirib ki, Vaşinqton Bakı-İrəvan danışıqlarını irəlilətmək məqsədilə 32 kilometrlik Zəngəzur dəhlizini 100 il müddətinə idarə etməyə hazırdır. Ermənistan isə bu təklifi qətiyyətlə rədd edib. Baş nazirin sözçüsü vurğulayıb ki, ölkə suveren ərazisinə nəzarəti heç bir tərəfə həvalə etməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib. Qeyd edək ki, üçtərəfli bəyanata görə, dəhlizin təhlükəsizliyini Rusiya təmin etməliydi, lakin bu istiqamətdə irəliləyiş olmayıb.

ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət təklifi regionda hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:

"ABŞ-nin Türkiyədəki səfirinin Zəngəzur dəhlizinin 100 il müddətinə idarə edilməsi ilə bağlı təklifi regionda ciddi müzakirə olunur. Ermənistan tərəfi əvvəlcə bu fikri təkzib etsə də, sonradan Nikol Paşinyan müsahibəsində bu ehtimalın mümkünlüyü barədə fikir bildirdi və dolayısı ilə məlumatı təsdiqləmiş oldu.
Lakin Paşinyanın əsas arqumenti ondan ibarət idi ki, Ermənistan ərazisində Rusiya Dəmir Yolları şəbəkəsi inhisarçı mövqeyə malikdir. Amma bu, müstəqilliyinin məhdudlaşdırılması demək deyil.
Azərbaycana gəlincə isə, hesab edirəm ki, bu məsələdə tələsmək lazım deyil. Rusiyanın Zəngəzur dəhlizinə təhlükəsizlik dəstəyi verməsi məsələsi artıq aktuallığını itirib və hazırda bu məsələ gündəmdən çıxıb. Bu da başa düşüləndir. Çünki dünyada baş verən proseslər fonunda Cənubi Qafqaz ölkələri həm nəqliyyat axınlarını tənzimləməli, həm də təhlükəsizlik dəstəyini özləri formalaşdırmalıdır. Hesab edirəm ki, region dövlətləri bunu bacarar.
ABŞ-nin bu proseslərə dəstəyi isə, əksinə, regionda geosiyasi qarşıdurmalara səbəb ola bilər. Müxtəlif fikir ayrılıqları yarada, geopolitik baxımdan regiona xarici diqqəti daha da artıraraq, yeni problemlərin yaranmasına yol aça bilər.
Zəngəzur dəhlizinə təhlükəsizlik dəstəyi olduqca önəmlidir, lakin yaxşı olardı ki, bu dəstəyi region ölkələrinin özü - yəni Azərbaycan və Ermənistan - təmin etsin. Təhlükəsizlik dayanıqlı və regional maraqlara əsaslanan şəkildə qurulmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31