Azərbaycan niyə Ermənistanın cinayətlərinə görə tribunal təşəbbüsü göstərmədi? - SƏBƏB- ÖZƏL

Ukrayna və Avropa Şurası Rusiyanın hərbi cinayətlərinə baxacaq xüsusi tribunal yaradılmasını təsdiqləyib. Tribunal Nürnberq və Yuqoslaviya təcrübəsinə əsaslanacaq. Onun effektivliyi isə Rusiyanın müharibədəki nəticələrindən asılı olacaq.

Azərbaycan niyə Ermənistanın cinayətlərinə görə beynəlxalq tribunal təşəbbüsü ilə çıxış etmədi?

Politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamaslnda bildirib ki,  Azərbaycan tərəfi yaxşı anlayır ki, belə bir tribunalın qurulması Azərbaycan üçün müəyyən mənada xeyirli ola bilərdi:

"Yəni, hansısa qətnamələrin qəbul edilməsi və qərarların verilməsi kimi hadisələrlə yadda qala bilərdi. Amma faktiki olaraq həmin tribunalın işləkliyi sual altında qalacaqdı. Çünki söhbət 90-cı illərdən gedir və həmin dövrdə Azərbaycan hələ özünü dünyaya tam şəkildə tanıda bilməmişdi. Bir çox ölkələr Azərbaycanın müstəqilliyini qəbul etmək istəmirdi. Xüsusilə də beynəlxalq sistemə de-fakto nəzarət edən qərb dövlətləri - elə ABŞ-nin özü də - o vaxtlar ciddi şəkildə erməni lobbisinin təsiri altında idilər. Ermənilərin apardığı təbliğat nəticəsində isə Azərbaycan günahkar tərəf kimi təqdim olunurdu və beynəlxalq ictimai rəyə də bu fikir hakim idi.
Digər tərəfdən, qeyd etdiyiniz kimi, burada bir "xristiyan həmrəyliyi" amili var. Məsələn, Ukrayna-Rusiya münasibətləri fonunda tribunalın yaradılması və onun işləkliyi haqqında danışmaq mümkündür.  Çünki Ukraynanı müdafiə edən və beynəlxalq sistemdə lider olan dövlətlər belə bir tribunalın effektiv fəaliyyət göstərməsi üçün addımlar ata, Rusiyaya qarşı əməli tədbirlər görə bilər və bu, heç olmasa, dünya ictimaiyyətində müəyyən fikir formalaşdırmaq baxımından əhəmiyyətli olar.
Amma məsələ Azərbaycana gəldikdə, dünya dövlətlərinin  bir qismi dezinformasiyanın təsiri altında, bir qismi isə məqsədli şəkildə - erməni lobisinin təsirində qalaraq  Azərbaycanı dəstəkləmirdilər. Belə bir tribunal o dövrdə fəaliyyətə başlasaydı belə, görünən odur ki, Azərbaycan hakimiyyəti hesab edirdi: bu tribunalın işləkliyi çox da effektiv olmayacaq. Çünki, BMT-nin dörd qətnaməsi qəbul edildi, amma onların icrası ilə heç kim maraqlanmadı - nə amerikalılar, nə ingilislər, nə ruslar, nə də digər tərəflər.
Bundan əlavə, ATƏT-in Minsk qrupu yaradıldı. Amma onların verdiyi bəyanatlar bəzən insanı təəccübləndirirdi - elə bil, günahkar tərəf Azərbaycan imiş, sanki Azərbaycan haqsızlıq edirmiş kimi təqdim olunurdu. Bütün bu hallar fonunda Azərbaycan tərəfi düşünə bilərdi ki, əlavə bir beynəlxalq qurum yaradıb işi daha da çətinləşdirməkdənsə, zamana buraxmaq və daşların yerinə oturduğu bir məqamda problemi həll etmək daha məqsədəuyğun olar.
İndi isə bu günə baxmaq lazımdır. Artıq Qarabağda işğal faktoru yoxdur. Ermənistanın indiki baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Bu isə o deməkdir ki, o, dolayısı ilə özündən əvvəlki Ermənistan hakimiyyətlərinin Qarabağı işğal etdiyini də etiraf etmiş olur.
Belə olan halda, Azərbaycan artıq hansısa beynəlxalq tribunal yaratmaq əvəzinə, Qarabağa dəymiş ziyanla bağlı sənədləri, hesabatları hazırlayıb, beynəlxalq məhkəmələrə və digər sivil formatlı beynəlxalq qurumlara təqdim etməlidir. Yalnız bu halda Azərbaycanın haqq səsi eşidilə  və Ermənistandan dəymiş ziyanın kompensasiya olunması ilə bağlı hüquqi qərarlar çıxarıla bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31