Azərbaycan-Rusiya münasibətlərində gərginlik və etimadsızlıq artır – ÖZƏL

"Ötən ilin dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması və bunun ardınca Rusiya hakimiyyətinin bu hadisənin bilərəkdən törədildiyinə işarə edən açıqlamaları Azərbaycan-Rusiya münasibətlərində şübhəsiz ki, ciddi etimadsızlıq yaradıb. Halbuki 2022-ci ildə hər iki ölkə arasında müttəfiqlik haqqında yeni bir saziş imzalanmış və bu sənədin məqsədi dövlətlərarası münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə qaldırmaq olmuşdu. Lakin baş verən hadisədən sonra Rusiya tərəfinin sərgilədiyi mövqe münasibətlərdə soyuqluq və inamsızlıq atmosferi yaradıb".

Bu sözləri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsi ilə bağlı Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. O qeyd edib ki, Rusiya son vaxtlar münasibətlərin normallaşmasına deyil, gərginləşməsinə çalışır, Ermənistan isə daxildəki müqavimətlər səbəbindən Azərbaycanla sülh müqaviləsini gecikdirir:

"Son vaxtlar, xüsusilə Rusiya Prezident Administrasiyasının bu məsələyə dair açıqlamaları bir daha onu göstərir ki, Moskva münasibətlərin normallaşmasına deyil, əksinə, onların daha da gərginləşməsinə maraqlıdır. Ancaq unutmamalıyıq ki, vaxtilə işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilər yalnız Azərbaycan tərəfindən deyil, həm də dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınıb. Hətta bu gün Ermənistanın legitim hakimiyyəti - Nikol Paşinyan hökuməti də Qarabağ və işğaldan azad edilmiş 7 rayonun Azərbaycanın ərazisi olduğunu bir neçə beynəlxalq tribunada rəsmən bəyan edib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının ləngiməsinin əsas səbəblərindən biri isə Ermənistan daxilində baş verən proseslərdir. Fikrimcə, bu ləngimədə Rusiya tərəfdarlarının Ermənistan daxilində Nikol Paşinyan hakimiyyətinə qarşı apardığı təzyiqlərin də rolu böyükdür. Sülh müqaviləsinin mətninə hər iki tərəf prinsipial olaraq razı olsa da, Azərbaycan tərəfindən irəli sürülən iki əsas tələbdən biri - Ermənistan Konstitusiyasının dəyişdirilməsi daxildə, həm kilsə, həm də parlament müxalifəti tərəfindən ciddi müqavimətlə qarşılanır. Bu səbəbdən də Paşinyan hələ ki, qətiyyətli addım ata bilmir".

Siyasi şərhçi sonda qeyd edib ki, Azərbaycanın güclənməsi fonunda Rusiya təzyiqlərini artıra bilməz, amma etimadsızlıq münasibətləri gərginləşdirə və regionda maraq toqquşmalarına yol aça bilər.

"Bütün bunlara baxmayaraq, hesab etmirəm ki, indiki mərhələdə Rusiya yenidən Cənubi Qafqazda Ermənistan vasitəsilə Azərbaycana təzyiqlərini artıra biləcək. Çünki Azərbaycan artıq ərazilərini işğaldan azad etmiş, güclənmiş və bölgədə, eləcə də qlobal məsələlərdə aktiv rol oynayan yeni bir regional aktor kimi çıxış edir. Ölkə öz milli maraqlarını müdafiə edən, strateji addımlar atan və sabitlik yaradan güclü bir dövlət kimi mövqeyini ortaya qoyur. Bu baxımdan, Rusiya tərəfinin etimadsızlıq yaradan açıqlamaları Azərbaycan-Rusiya münasibətlərində gərginliyi artırmaqdan və qarşılıqlı inamsızlığı dərinləşdirməkdən başqa heç bir nəticə verməyəcək. Bu gərginlik isə gələcəkdə regionda daha böyük maraqlar toqquşmasına səbəb ola bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31