“Bütün dünya dövlətləri hazırda az və ya çox dərəcədə korrupsiya problemi ilə üzləşirlər…”— ÖZƏL
16:42 SiyasətBMT-nin Azərbaycandakı nümayəndəsi Vladanka Andreyeva deyib ki, korrupsiya insanların haqlarını əlindən alır və dövlətə olan güvəni azaldır. Bakıda keçirilən beynəlxalq tədbirdə o bildirib ki, şəffaflıq üçün ölkələr birgə işləməlidir. Azərbaycan da BMT-nin korrupsiyaya qarşı konvensiyasında fəal iştirak edir və bu, müsbət qiymətləndirilir. BMT gələcəkdə də Azərbaycanı bu sahədə dəstəkləyəcək.
Azərbaycanın BMT-nin korrupsiyaya qarşı təşəbbüslərində fəal iştirakı beynəlxalq imicini gücləndirməklə yanaşı, daxili siyasi legitimliyini artırmaq məqsədi daşıyırmı?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki, "Təəssüflər olsun ki, bu gün dünyanın ən çox qarşılaşdığı problemlərdən biri də məhz korrupsiya məsələsidir. Hər nə qədər demokratik və ya qeyri-demokratik dövlət kimi xarakterizə edilməsindən asılı olmayaraq, bütün dünya dövlətləri hazırda az və ya çox dərəcədə korrupsiya problemi ilə üzləşirlər, bu istiqamətdə mübarizə aparırlar və bu mübarizənin daha səmərəli olması üçün artıq daha tutarlı mexanizmlərin hazırlanmasına ehtiyac yaranır.Təbii ki, bir ölkə öz daxilində olan problemləri təkbaşına həll etmək iqtidarındadır. Amma bəzən görürük ki, həmin bu problemlərin həlli üçün, xüsusilə effektiv mexanizmlər hazırlaya bilməyən dövlətlər üçün beynəlxalq təcrübəni öyrənmək vacib olur.Azərbaycan tərəfi bu günə qədər korrupsiya ilə mübarizədə daxili siyasət çərçivəsində müəyyən tədbirlər həyata keçirib. Məsələn, Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə vəzifəli şəxsi, o cümlədən icra hakimiyyətlərinin nümayəndələrini saxlaması kimi hallar onu deməyə əsas verir ki, Azərbaycanda vəzifəsindən və kimliyindən asılı olmayaraq, dövlət səlahiyyətlərindən sui-istifadə edən və korrupsiyaya yol verən məmurlar cinayət əməlləri ifşa edildikdə məsuliyyətə cəlb olunurlar.Lakin bu, problemin baş verdikdən sonrakı mərhələsidir. İndi düşünməliyik ki, problem ümumiyyətlə baş verməsin. Yəni "korrupsiya halı baş versin, biz də onu həbs edək, vəzifəsindən uzaqlaşdıraq və məsuliyyətə cəlb edək" yanaşması kifayət deyil. Əsas məsələ budur ki, necə edək ki, ümumiyyətlə korrupsiya halları ortaya çıxmasın?Bu nöqtədə, təbii ki, digər dövlətlər kimi biz də beynəlxalq təcrübəyə müraciət edə bilərik. Bu xüsusda BMT ilə əməkdaşlıq Azərbaycanın həm beynəlxalq imicinin gücləndirilməsində, həm də daxili siyasi legitimliyin artırılmasında xüsusi rol oynaya bilər.Çünki BMT dünyanın əsas beynəlxalq təşkilatıdır. Onun səlahiyyətləri və hüquqları genişdir, qərar mexanizmləri mövcuddur, beynəlxalq təcrübəsi zəngindir. BMT-nin dünyanın hər bir nöqtəsində iştirak etdiyi layihələrin sayı kifayət qədər çoxdur. Bu nöqtədə düşünürəm ki, Azərbaycanın BMT ilə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı həm onun beynəlxalq imicinə müsbət təsir göstərəcək, həm də daxili legitimliyini artırmaq üçün ideal bir şans verəcək."
Gülxanım Əliyeva