“Avropa institutları demokratiya bəhanəsi ilə Azərbaycana siyasi təzyiq göstərir” – Azad Məsiyev – ÖZƏL
16:42 SiyasətAvropa Şurasının insan haqları üzrə komissarı Maykl Ochr("39")Flaherti Azərbaycan hakimiyyətini Anar Məmmədli də daxil olmaqla, fəaliyyətinə görə həbs olunan bütün hüquq müdafiəçilərini və jurnalistləri dərhal azad etməyə çağırıb. O, Məmmədlinin həbsi ilə bağlı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və xaricə çıxış qadağası da daxil olmaqla bütün məhdudiyyətlərin ləğvini tələb edib. Bəzi ekspertlər bu tələbin Azərbaycan məhkəmə sisteminə təzyiq kimi qiymətləndirildiyini deyirlər.
Bu hüquqi cəhətdən nə qədər doğru, məqbul və mümkündür? Bu cür yanaşmalar Azərbaycanla Avropa institutları arasında münasibətlərə necə təsir edə bilər?
"Qərb, Avropa İttifaqı və Avropanın müxtəlif institutları demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi dəyərləri bəhanə edərək, onları öz maraqlarına çatmaq üçün vasitəyə çevirirlər. Avropa Şurasının, AŞPA-nın və ümumilikdə Avropanın Azərbaycana münasibəti açıq-aşkar qərəzlidir. Onlar bu kimi kriteriyalardan Azərbaycan üzərində siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Eyni zamanda, Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün bu məsələləri bəhanə edirlər. Halbuki Azərbaycanın həm daxili, həm də xarici siyasəti tam müstəqildir və dövlət tərəfindən xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçinin sözlərinə görə xarici fondların təsiri altında qanunsuz maliyyə axınları və agentura şəbəkələri yaratmaq cəhdlərinə qarşı Azərbaycan qanun çərçivəsində ciddi tədbirlər görür:
"Bildiyiniz kimi, Qərbin bəzi fondları guya demokratiya, insan haqları və vətəndaş cəmiyyətinə dəstək adı altında müxtəlif qrant layihələri həyata keçirərək agentura şəbəkələri formalaşdırmağa çalışırlar. Bu prosesləri biz Gürcüstanda və Ermənistanda da müşahidə edirik. Həmin fondlar çirkin məqsədlərinə çatmaq üçün media, QHT-lər və ayrı-ayrı ictimai-siyasi şəxslərə maliyyə dəstəyi verərək onları təsir altına salmağa çalışırlar. Azərbaycanda da bu məqsədlə qeyri-qanuni maliyyə vəsaitlərinin, çirkli pulların ölkəyə gətirilməsi halları aşkarlanıb. Qaçaqmalçılıq yolu ilə daxil olan böyük məbləğdə vəsaitlər üzə çıxarılıb və müvafiq şəxslər istintaqa cəlb edilib. Onlar Azərbaycan qanunları çərçivəsində məsuliyyətə cəlb olunurlar. İstər Azərbaycan vətəndaşı olsun, istərsə də xarici vətəndaş, fərq etmir - hər kəs ölkə qanunlarına tabe olmalı, alınan qrantlar və maliyyə dəstəkləri şəffaf şəkildə göstərilməlidir".
Azad Məsiyev əlavə edib ki, Azərbaycanın daxili işlərinə xarici müdaxilə cəhdləri, milli maraqlara zidd fəaliyyətlər və bu fəaliyyətlərə bəraət qazandırmaq məqsədi ilə edilən təzyiqlər nə hüquqi, nə də ictimai baxımdan qəbulolunandır.
"İstər mətbuat, istər QHT-lər, istərsə də digər sahələrdə fəaliyyət göstərən təşkilatlar Azərbaycan qanunlarına riayət etməli və fəaliyyətlərində milli və dövlət maraqlarını nəzərə almalıdırlar. Xarici təsirlərə düşmək, bu təsirlər altında fəaliyyət göstərmək yolverilməzdir. Əgər hansısa şəxslər xarici maraqlara xidmət edərək xalqın və dövlətin əleyhinə fəaliyyət göstərirsə, onlar da qanun qarşısında məsuliyyət daşıyırlar. Azərbaycanın bəzi şəxsləri saxlaması və istintaqa cəlb etməsi bəhanə edilərək ölkəmizə təzyiq göstərilməsi isə qarşı tərəfin niyyətlərinin səmimi olmadığını açıq şəkildə göstərir. Biz bunu AŞPA-nın və digər Avropa qurumlarının fəaliyyətində dəfələrlə müşahidə etmişik. Avropanın bəzi dairələri bu cür alətlərdən istifadə edərək Azərbaycana qarşı təsir imkanları yaratmağa çalışırlar. Bildiyiniz kimi, Ukrayna münaqişəsi fonunda Rusiyanın Avropa ilə əlaqələri zəifləyib və indi Qərb dairələri Azərbaycanı Rusiya əleyhinə istifadə etmək istəyirlər. Bunun üçün ictimai rəyi yönləndirmək və ölkə daxilində siyasi hakimiyyətə təzyiq göstərmək üsullarına əl atırlar. Bu cür yanaşmalar nə Azərbaycan qanunlarına, nə də xalqın və dövlətin maraqlarına uyğundur və cəmiyyət tərəfindən də etirazla qarşılanır. Hesab edirəm ki, AŞPA, Avropa Şurası və Avropa İttifaqının müvafiq qurumları Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycanın həyata keçirdiyi siyasət beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur və buna hörmətlə yanaşılmalıdır. Nəticə olaraq, bu cür yanaşmalar Azərbaycan cəmiyyətində müsbət qarşılanmır və qarşılanmayacaq da".
Səidə Ramazanova