ABŞ-nin siyasəti dəyişəndə Cənubi Qafqazda nə baş verir?- ÖZƏL

"Ümumiyyətlə, respublikaçılar demokratlardan fərqli olaraq həm daxili, həm də xarici siyasətdə daha dəqiq və obyektiv mövqe tuturlar. Bu yanaşma həm Azərbaycan, Ermənistan, Cənubi Qafqaz, həm də digər dövlətlərə münasibətdə müşahidə olunur".

                                                                                                                                                                 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az -a açıqlamasında bildirib:                                                        

"Ənənəvi olaraq, demokratlar respublikaçılara nisbətən Ermənistanla daha yaxın münasibətlər qurmağa çalışırlar. Lakin respublikaçılar, xüsusilə də Azərbaycana və Türkiyəyə münasibətdə daha fərqli, müsbət mövqe sərgiləyirlər.

Bu kontekstdə qeyd etmək lazımdır ki, Prezident Baydenin son hakimiyyət dövründə ABŞ-ninn Dövlət Katibi Antoni Blinkenin təklifi ilə Ermənistan və ABŞ arasında strateji müttəfiqlik haqqında bir sənəd imzalandı.

Lakin Prezident Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra, bildiyiniz kimi, Baydenin imzaladığı yüzə yaxın fərmanı ləğv etdi. Böyük ehtimalla, Ermənistanla ABŞ arasında imzalanan həmin strateji sənəd də bu ləğv edilənlər arasında olacaq.

Ümumiyyətlə, cənab Trampın birinci prezidentlik dövründə o, diasporaların ABŞ-nin daxili və xarici siyasətinə təsiri ilə bağlı müəyyən narahatlıqlarını ifadə etmişdi. Hətta bu diasporaların, xüsusilə də erməni diasporasının Konqres və Senatda təsir imkanlarının qarşısını almaq üçün bir fərman imzalamaq niyyətində idi. Təəssüf ki, o dövrdə bunu reallaşdıra bilmədi.

Təbii ki, cənab Trampın demokratların Yunanıstana və Ermənistana münasibəti fonunda Azərbaycana olan yanaşması daha fərqlidir. Bildiyiniz kimi, cənab Bayden siyasətə başladığı ilk dövrlərdən etibarən həm Yunanıstanın, həm də Ermənistanın maraqlarını müdafiə edib. Buna görə də Tramp, ABŞ-Ermənistan münasibətlərinə ABŞ-Azərbaycan münasibətlərindən daha fərqli yanaşır.

Hətta deyə bilərik ki, cənab Tramp, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında mətbuata çox müsbət açıqlamalar verib.

Bu kontekstdə qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin, xüsusilə də indiki hakimiyyətin xarici siyasətində ciddi axsamalar var. Bu axsamalar həm Rusiya, həm Avropa İttifaqı ilə münasibətlərdə, həm də qonşu dövlətlər - Azərbaycan və Türkiyə ilə əlaqələrdə özünü göstərir. Bütün bunlar, təbii ki, Ermənistanın maraqlarına uyğun gəlmir və bu səbəbdən indiki hakimiyyət üçün ciddi problemlər yaradır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31