"Azərbaycan-Pakistan yaxınlaşması bölgədə yeni güc mərkəzi formalaşdırır"– Bəhruz Quliyev – ÖZƏL

"Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan-Pakistan Strateji Tərəfdaşlığı regionda yeni güc mərkəzi formalaşdırır. İki dövlət  arasında son dövrdə artan strateji əməkdaşlıq Cənubi Qafqazda geosiyasi balansın dəyişməsinə təkan verir. Prezident İlham Əliyevin yaxın günlərdə Pakistana planlaşdırılan səfəri çərçivəsində enerji, müdafiə və infrastruktur sahələrini əhatə edən mühüm sazişlərin imzalanacağı gözlənilir". 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.  Ekspert qeyd edib ki, Azərbaycan tərəfindən Pakistana 2 milyard dollardan çox investisiya yatırılıb və bu, münasibətlərin iqtisadi çərçivədən strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini göstərir. 

"Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Pakistandan JF-17 Block-3 tipli döyüş təyyarələri almağa hazırlaşmasıdır. Bu addım yalnız ölkəmizin təhlükəsizliyinə və regional təhlükəsizliyə yönəlmiş bir addımdır. Pakistan həm də Zəngəzur dəhlizinin açılması məsələsində öz  dəstəyini artırır. Məlumdur ki, bu dəhliz yalnız Azərbaycan üçün deyil, bütün region üçün yeni iqtisadi və siyasi imkanlar vəd edir".

Bəhruz Quliyev əlavə edib ki, Azərbaycan-Pakistan yaxınlaşması Ermənistan üçün ciddi narahatlıq və strateji təhdid yaradır.  

"Azərbaycan - Pakistan yaxınlaşmasını erməni mediası  narahatlıqla izləyir. Ermənistanın daxili siyasi qeyri-sabitlik və zəif hərbi potensialı fonunda bu tip strateji yaxınlaşmalar onun üçün ciddi təhdid yaradır. Erməni tərəfi isə bu cür əməkdaşlığı qorxu ilə qarşılayır və ehtimal olunur ki, onlar  indiyədək hərbi əməkdaşlıq etdiyi Fransa və  Qərblə  hərbi və siyasi əlaqələri daha da dərinləşdirəcək.  Regionda isə İranla strateji əməkdaşlığa və Rusiya ilə münasibətlərə yenidən baxacaq.
Mənə elə gəlir ki, Ermənistan illərlə istifadə etdiyi  beynəlxalq arenada lobbiçilik fəaliyyətinin güclənməsinə də  üstünlük verə bilər".

Siyasi ekspert sonda qeyd edib ki, Azərbaycanın Pakistanla əməkdaşlığı regional güc balansında yeni mərhələnin başlandığını göstərir. Bu prosesin davamı regionda güc mərkəzlərinin yenidən formalaşmasına və Ermənistanın xarici siyasət strategiyasına ciddi təsir göstərə bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan həmişə regional sülhün və əmin-amanlığın olmasına çalışıb. Ancaq təəssüf ki, Ermənistan tərəfindən yalnız qeyri ciddi addımların şahidi olub.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31