Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq mesajlarını əks etdirir – ÖZƏL
8 Aprel 2025 15:48 SiyasətQarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda forumun keçirilməsi Azərbaycan üçün hansı siyasi və simvolik əhəmiyyət daşıyır?
"ADA Universitetinin təşkilatçılığı ilə keçirilən "Yeni Dünya Nizamına Doğru" mövzusunda forum olduqca böyük əhəmiyyətə malik olmaqla yanaşı, həm də simvolik xarakter daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Bu, onu göstərir ki, Azərbaycan dövləti yeni dünya düzənində qlobal iradə sahibi kimi iştirak etmək niyyətindədir. Başqa sözlə, Azərbaycan artıq dünyanı idarə edən ölkələr sırasına daxil olmaq istiqamətində fəal addımlar atır və bu məsələləri geniş miqyasda müzakirə etmək niyyətindədir. Digər tərəfdən, forumun Qarabağ Universitetində keçirilməsi bütün dünyaya bir mesaj xarakteri daşıyır: Qarabağ Azərbaycan ərazisidir və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha nümayiş etdirilir. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədləri toxunulmaz və dəyişdirilməzdir".
Politoloq qeyd edib ki, Qarabağ Universitetində keçirilən forum, Azərbaycanın regional inkişafa və strateji mövqeyini beynəlxalq arenada nümayiş etdirir.
"Belə bir forumun Xankəndidə yerləşən Qarabağ Universitetində keçirilməsi həm strateji, həm də siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir və dünyaya birbaşa mesaj verir. Eyni zamanda, bu qədər önəmli və aktual mövzuların - "Yeni Dünya Nizamı" kimi genişmiqyaslı bir anlayışın - məhz Qarabağ Universitetində müzakirə olunması göstərir ki, Azərbaycan burada hərtərəfli inkişaf üçün zəruri şəraiti yaradıb. Qarabağda universitetlər fəaliyyət göstərir, insanların təhsil alması və rifahı üçün geniş imkanlar mövcuddur. Yeni təsis olunmasına baxmayaraq, Qarabağ Universiteti elə bir səviyyədə formalaşıb ki, artıq bu cür beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edə bilir".
"ADA Universitetinin təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən "Yeni Dünya Nizamına Doğru" forumu təkcə regional deyil, eyni zamanda qlobal müstəvidə Azərbaycanın önəmli və açıq mesajlarını əks etdirir", - deyə Elçin Xalidbəyli əlavə edib.
Səidə Ramazanova