Tramp dönəmi: Türkiyə və Cənubi Qafqazla əməkdaşlıqda yeni problemlər və imkanlar – ÖZƏL
23 Yanvar 17:51 SiyasətABŞ-də sabiq prezidentin yenidən hakimiyyətə gəlməsi Türkiyə ilə münasibətlərdə yeni dövrün başlanğıcı sayılsa da, tərəflər arasında fikir ayrılıqları mövcuddur. Buna misal olaraq isə ABŞ-nin Suriyadan qoşunlarını çıxarması, terror qruplaşmaları PKK/YPG-yə dəstək verilməməsi barədə Ankara öz iradəsini və mövqeyini ortaya qoyacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib:
"Ümumilikdə isə Yaxın Şərqdə baş verən proseslər göstərir ki, Co Bayden dövründə olduğu kimi Türkiyə-ABŞ münasibətlərinin ən aktual problemi Suriyada müxtəlif qruplarla əməkdaşlıq və İŞİD-lə mübarizə olacaq. Türkiyə isə YPG-ni terror təşkilatı olaraq tanıyır və ABŞ-dən bu qruplaşmaya dəstəyini kəsməsini istəyir. Suriyada Əsəd administrasiyasının çökməsindən sonrakı dövrdə bu istiqamətdə çağırışını daha da artıran Türkiyə, YPG-nin silahı yerə qoyacağı və Suriyadan olmayan ünsürlərin ölkəni tərk edəcəyi gözləntisini dilə gətirir. Tramp yanvarın 7-də keçirdiyi mətbuat konfransında bu suala "Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir parçasıdır. Ancaq bunun Türkiyə ilə bağlı bir vəziyyət olduğunu deyə bilərəm" deyə cavab verib.
Vaxtilə D.Tramp 2019-cu ildə Amerika əsgərlərini Suriyadan çıxarmaq qərarına gəlmişdi, lakin Mərkəzi Komandanlıq bu qərarı icra etməmişdi. Bundan əlavə, Donald Tramp 4 illik hakimiyyəti müddətində rahib Branson, Rusiyadan S-400-lərin alınması, PKK/YPG terror qruplaşmalarına qarşı aparılan əməliyyatları bəhanə edərək Türkiyəyə 5 dəfə sanksiya tətbiq etmişdi. Buna baxmayaraq, Ərdoğan və Tramp bir çox dəfə bir-birinə qarşı müsbət ifadələr səsləndiriblər. Bu da qarşılıqlı dialoq vasitəsilə iradə olarsa, problemlərin həllində vacib element hesab edilir.
Xarici işlər naziri Hakan Fidanın yanvarın 22-də ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə telefonla danışıb. Marko Rubionun yeni kabinetdəki ilk günlərində türkiyəli həmkarı ilə əlaqə saxlaması Ankaranın regional və qlobal aktor kimi nüfuzundan xəbər verir. Bu da onu deməyə əsas verir ki, ABŞ Türkiyə barədə nə qədər də köhnə siyasət xəttinə sadiq qalsa da, ortaq maraqlar kontekstində qarşılıqlı kompromislər istisna edilmir.
Lakin ABŞ dövlət katibi Marko Rubionun İŞİD-lə mübarizədə Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstəyini davam etdirəcəyini deməsi də Ankara-Vaşinqton danışıqlarında xeyli işlər görülməli olduğunu deməyə əsas verir. Bunlardan biri də F-35-lə bağlı problemin həlli istiqamətində ola bilər. Həmçinin Türkiyənin müdafiə sənayesinə qarşı bəzi sanksiyaların yumşaldılması da Tramp hökuməti ilə müzakirə ediləcək mövzular arasındadır".
Ekspert Nikol Paşinyanın Donald Trampı təbrik etməməsi məsələsinə də toxunub:
"Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də ABŞ Prezidenti Donald Trampı təbrik etməməsi keçmiş administrasiya ilə yanvarın 14-də Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının İrəvan hökumətində ABŞ-nin yeni administrasiyası üçün əhəmiyyətli olmayacağına dair narahatlıqlar yaradır. Co Baydenin dövründə aşkar şəkildə Ermənistanı dəstəkləyən ABŞ-nin əminliklə demək olmasa da, İrəvana birtərəfli formada yanaşması yeni administrasiyasının prioritetləri arasında deyil, lakin bu, indiki şəraitdə dəqiq fikir irəli sürməyə əsas vermir. Görünən odur ki, Donald Tramp hələlik seçkiqabağı kampaniyadakı vədlərindən kənara çıxmır. Bu da qeyri-müəyyənlikdə qalan bəzi dövlətləri narahat edir. Bundan ən çox narahat olan isə Ukraynayadır. Çünki Tramp Ukraynaya göstərdiyi yardımı 90 günlük dayandırmaq barədə fərman imzaladı. Digər narahat ölkə isə heç şübhəsiz ABŞ-dən yardım alan Ermənistandır. ABŞ-nin geniş geosiyasi məqsədlərində baş verən dəyişikliklər, ilk növbədə, Avropa İttifaqı və Ukraynanı dərindən düşündürür.
İlkin müşahidələr onu göstərir ki, keçmiş administrasiyanın Cənubi Qafqaza marağı həmin dövrün beynəlxalq siyasi prioritetləri ilə bağlı idi. İndi yeni seçilmiş Prezidentin başqa prioritetləri və ambisiyaları mövcuddur ki, bu, hələlik Cənubi Qafqaz yönündə nəzərə çarpmır. Bu, təbii ki, Ermənistanın dəstək gözlədiyi kollektiv Qərbin dayaqlarının əsas təsir gücünün neytral qalmasına səbəb ola bilər. ABŞ-nin Cənubi Qafqaza yanaşması Azərbaycan-Ermənistan danışıqlarında da öz təsirini göstərəcək, gedişatdan asılı olaraq bu da prosesdə İrəvanı güzəştlərə getməyə məcbur buraxa bilər.
Lakin Ermənistanı ruhlandıran əsas amil ABŞ-nin yeni administrasiyasında ermənipərəst mövqedə olan mühüm şəxslərin olmasıdır. Bu, xüsusilə dövlət katibi vəzifəsinə seçilən ermənipərəst kimi tanınan Marko Rubiodur".
Qiymət Mahir