Fransa kimi bir dövlətin rəhbərləri belə cılız davranışlarla gündəmə gəlməməlidirlər - ÖZƏL
26 Avqust 2024 16:20 Siyasət"Durovun həbsi bu saat dünya gündəmini məşğul edən əsas məsələlərdən birinə çevrilib. Çünki onun sahibi olduğu Telegram sosial media platforması həqiqətən də populyarlığı, rahatlığı, əlçatanlığı ilə seçilir. Üstəlik də, teleqramda senzura tətbiq olunması yoxdur. Yəni istənilən şəxs istənilən mövzuda paylaşımlar edə bilir, xəbər kanalları aça bilir və təbiidir ki, bundan da dünyanın hər tərəfində insanlar gen-bol istifadə edirlər, o cümlədən də biz də".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycanda şəxsən mənim özüm də Telegram-dan çox yararlanıram. Həm birbaşa əlaqələr baxımından, həm də ki, xəbər alma baxımından. Fransanın atdığı addım isə açıq-aşkar hüquqa və qanunlara hörmətsizlikdir. Hiss olunur və dərhal da bilinir ki, bu qurama bir işdir. Çünki Durovun təyyarəsi Fransada yerə enməzdən bir neçə dəqiqə öncə qərar verilib və o, həbs edilib. Üstəlik də onun Azərbaycana gəlib-getməsi haqqında xəbərlər vardı və məhz həbs də bunun ardınca baş tutub. Bir növ Fransa Azərbaycana göz dağı vermək istəyir. Sanki göstərmək istəyir ki, kimsə Azərbaycanla işbirliyi edərsə, onu cəzalandırarıq. Əlbəttə ki, bu, Fransa kimi böyük bir dövlətin başındakıların siyasi səriştəsizliyi və cılızlığından qaynaqlanır. Yəni o boyda dövlətin rəhbərləri belə cılız davranışlarla gündəmə gəlməməlidirlər. Amma təəssüflər olsun ki, gəlirlər. Əlbəttə ki, Durov orda yəqin ki, uzun müddət qalmayacaq. Çünki dünyanın hər tərəfində yetərincə nüfuzlu insanlar onun müdafiəsinə qalxıblar və üstəlik də məsələ söz, ifadə azadlığı müstəvisində gündəmə gətirilir. Mən düşünürəm ki, Fransanın başındakılar bu səhvi etsələr də, Fransada yetərincə insanlar tapılacaq ki, onlar bu ayıbı təmizləməyin vacib olduğuna inanırlar".