Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır- ÖZƏL
12 Avqust 2024 13:29 Siyasət"Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib: "Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündəki çıxışı zamanı dediyi kimi, bu ilin may ayında imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır".
Alim Hüseynli
Olaylar.az