Bu, Azərbaycanla İran münasibətlərində gərginlik yarada bilər...- ÖZƏL
12 Avqust 2024 13:54 Siyasət"İran-Azərbaycan münasibətlərində əlbəttə ki, şəxslər çox zaman bir rol oynamır. Burada həlledici rolu oynayan dövlət sisteminin bütövlükdə yanaşmasıdır. Bu təkcə İranın Azərbaycanla münasibətlərinə yox, xarici əlaqələr sisteminə təsir göstərən bir məsələdir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əlbəttə, Əraqçi bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycan əleyhinə fəaliyyətlərdə adı hallanan birisidir. Amma indi rəsmi şəkildə İranda prezidentin yeni nazirlərindən biri kimi fəaliyyət göstərəcək. Bu baxımdan ola bilər ki, bu adamın bundan sonrakı fəaliyyəti və addımları daha çox təxribatçı açıqlamalardan kənarda olsun. Hər halda əsas İranın dövlət olaraq Azərbaycana yanaşması və bu münasibəti tətbiq etməsidir. Burada fərdlər və şəxslər çox böyük rol oynamır. Əsas sistemin yanaşmasından söhbət gedir. Amma düşünmək olar ki, Əraqçinin nazir kimi fəaliyyətə başlaması müəyyən qədər Azərbaycanla İran münasibətlərində gərginlik yarada bilər. Dediyim kimi, əsas Məsud Pezeşkianın Azərbaycana yanaşmada səmimi olub olmayacağıdır. Burada Əraqçi, yaxud İranda hansısa simaların nazir olmağı o qədər də önəmli rol oynamır".
Zeynəb Rzayeva